Rusiya ilə Şimali Koreya arasında Tumen çayı üzərində avtomobil körpüsünün tikintisinə başlanılıb.
Rusiya Baş naziri Mixail Mişustin Şimali Koreya ilə Rusiya arasında avtomobil yolu körpüsünün tikintisinə başlanması mərasimində çıxış edib.
Mişustin bildirib ki, Rusiya və Şimali Koreya strateji tərəfdaşlıq əlaqələrini gücləndirmək səyləri çərçivəsində Tümen çayı üzərində avtomobil körpüsünün tikintisinə başlayıb.
O, körpünün Rusiya–Şimali Koreya əlaqələrində mühüm mərhələ olduğunu qeyd edərək deyib: “Bu körpünün əhəmiyyəti yalnız mühəndislik baxımından deyil. O, dostluq, mehriban qonşuluq münasibətlərini gücləndirmək və regionlararası əməkdaşlığı artırmaq üçün ümumi istəyimizi simvollaşdırır.”
Mişustin əlavə edib: “Biz ölkələrimiz arasında daha sıx əməkdaşlıq üçün etibarlı zəmin yaradır, açıq və məhsuldar dialoq üçün yol açır, xalqlarımızı bir-birinə yaxınlaşdırır, səfərlərin və görüşlərin sayını artırır, həmçinin bir-birimizin tarixini və ənənələrini daha yaxından tanıyırıq.”
Baş nazir həmçinin bildirib ki, körpünün tikintisi nəticəsində nəqliyyat xərcləri azalacaq, müxtəlif məhsulların etibarlı və dayanıqlı tədarükü təmin olunacaq. Bu layihənin ticarət və iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini vurğulayıb.
Rusiya mətbuatı körpünün 2026-cı ilin yayında tamamlanacağını yazır. Onun inşası Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ildə Şimali Koreyaya səfəri zamanı qərarlaşdırılıb. Körpünün uzunluğu 850 metr olacaq və Rusiyanın avtomobil yolu sisteminə birləşdiriləcək.
Yeni körpü 1959-cu ildə Koreya müharibəsindən sonra istifadəyə verilmiş dəmir yolu körpüsü — mövcud Dostluq Körpüsü yaxınlığında inşa edilir.
Mənbə: TRT haber
Tərcümə etdi: Mina Yadigarlı
