Bu gün:

Zukerberq və Çanın yaratdığı ödənişsiz məktəb bağlanır


2016-cı ildə Mark Zukerberq və Prissilla Çan tərəfindən Kaliforniyanın Bay Area bölgəsində aztəminatlı ailələr üçün təsis edilən The Primary School 2025–2026-cı tədris ilinin sonunda fəaliyyətini dayandıracaq. Məktəb bağlanmanı "çox çətin qərar" adlandırsa da, səbəblə bağlı ətraflı məlumat verilməyib.

San Francisco Standard və New York Times-ın məlumatına görə, bağlanmanın əsas səbəbi məktəbin əsas sponsoru olan Chan Zuckerberg Initiative-in (CZI) maliyyə dəstəyini geri çəkməsidir. Təşkilat bağlanmadan təsirlənən ailələr və icmalar üçün 50 milyon dollar həcmində yardım ayıracağını açıqlayıb.

Məktəbin bağlanması CZI-nin fəaliyyət istiqamətindəki dəyişikliklərlə üst-üstə düşür. Fond bu ilin əvvəlində elmi tədqiqatlara daha çox diqqət yetirəcəyini, sosial sahələrdə, o cümlədən immiqrasiya islahatları və irqi bərabərlik təşəbbüslərində fəaliyyətini azaldacağını bəyan edib.

Bay Area sakinləri uzun illərdir texnoloji sektorun genişlənməsi nəticəsində bölgədə yaşayış xərclərinin artdığını və aztəminatlı ailələrin sıxıntılar yaşadığını bildirirlər. Bir çox valideyn The Primary Schoolu belə bir şəraitdə icma üçün “əvəzsiz dəstək” adlandırıb və məktəbin bağlanmasını təəssüf hissi ilə qarşılayıb.

Məktəbin rəhbərliyi isə bildirib ki, qarşıdakı son tədris ilində şagirdlərə və ailələrə mümkün olan ən yüksək səviyyədə xidmət göstərməyə davam edəcəklər.


Mənbə: CNN

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et