Bu gün:

Bəzi insanlar niyə cərrahi əməliyyatdan sonra xarici dildə danışmağa başlayır?


Konya şəhərində yaşayan 58 yaşlı Rəhmİ Karademirin başına gələn hadisə tibb aləmində də təəccüb doğurub. Diz əməliyyatından sonra beyninə laxtalanmış qan axan Karademir iflic keçirib və nitq pozuntusu yaşayıb. Müdaxilədən sonra hərəkət qabiliyyəti bərpa olunsa da, danışıq tərzi tamamilə dəyişib. Türk dilini başa düşsə də, danışa bilməyən Karademir axıcı şəkildə Danimarka dilində (Danca) danışmağa başlayıb. Bu qeyri-adi vəziyyət isə əslində tibdə nadir rast gəlinən bir sindromun əlaməti idi: "Xarici Aksent Sindromu".

Xarici aksent sindromu (Foreign Accent Syndrome - FAS) insanın ana dili əvəzinə başqa bir aksentlə danışmasına səbəb olan nadir bir nevroloji pozuntudur. Bu hal adətən iflic, beyin travması, miqren və ya inkişaf pozuntularından sonra meydana çıxır.

İlk dəfə 1907-ci ildə təsvir edilən bu sindrom 2009-cu ilə qədər yalnız 62 sənədləşdirilmiş hadisə ilə qeydə alınıb. Bu xəstələr yeni bir dili öyrənmirlər; sadəcə onların danışıq tərzi ətrafdakılar tərəfindən xarici aksent kimi qəbul edilir. Belə algı dəyişikliyi adətən sait səslərin uzadılması, bəzi samitlərin fərqli tələffüz olunması və nitqin ritminin dəyişməsi ilə əlaqələndirilir.

Xarici aksent sindromu əksər hallarda beynin sol yarımkürəsində baş verən zədələrlə əlaqələndirilir. Həmçinin beyincik kimi motor nəzarət mərkəzlərinin də danışığın ritmi və vurğusunda dəyişikliklərə səbəb ola biləcəyi düşünülür. Bəzi hallarda sindromun psixoloji mənşəli olduğu, yəni psixiatrik pozuntularla birgə inkişaf etdiyi də müşahidə olunub. Xəstələr adətən bu danışıq dəyişikliyinin fərqində olur və yeni aksent onlar üçün şüurlu bir cəhd deyil, qeyri-iradi bir dəyişiklik kimi meydana çıxır.

Bu sindrom çox vaxt yalnız aksent dəyişikliyi ilə məhdudlaşsa da, bəzi hallarda insan əvvəllər öyrəndiyi, lakin uzun müddət istifadə etmədiyi bir dili yenidən danışmağa başlayır. Rəhmi Karademirin vəziyyətində də bu ehtimal nəzərə alınır. Həkimlərin açıqlamasına görə, Karademir əvvəllər bir şəkildə Danca danışmış ola bilər və beyin zədələnməsi nəticəsində türkcəyə aid sinir əlaqələri zəiflədiyi halda, uzun müddət istifadə olunmayan bu dil yenidən aktivləşmə ehtimalı ola bilər.

Başqa sözlə, iki və ya daha çox dil bilən insanlarda iflic və ya beyin travması sonrası bir dil tamamilə unudula, digəri isə qorunub saxlanıla və ya ortaya çıxa bilər. Danca nümunəsi də bu nadir vəziyyətin bir təzahürüdür. Beyində müxtəlif dillərin fərqli mərkəzlərdə yerləşməsi hər bir dilin ayrıca şəkildə təsirlənməsinə səbəb olur. Buna görə də əvvəllər öyrənilmiş, lakin aktiv istifadə olunmayan bir dil beyin üçün bir növ ehtiyat kimi qalır və əsas dil müvəqqəti olaraq itirildikdə bu ehtiyat sistem işə düşür.

Həkimlərin bildirdiyinə görə, bu vəziyyət keçici xarakter daşıya bilər və zamanla türkcəyə dönüş mümkündür. Reabilitasiya prosesi zamanı beynin dili yenidən qurmaq qabiliyyəti sayəsində xəstələr əvvəl danışdıqları dilləri bərpa edə bilirlər.


Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et