Hər il 51-ci zona mifologiyası dünyanın dörd bir yanından turistləri cəlb edir. İnsanlar Nevada ştatının Reyçel şəhəri yaxınlığındakı bu hava bazasına gəlir və başqa dünyalara aid kosmik gəmiləri görmək ümidi ilə gözləyirlər.

51-ci zona haqqında olan əfsanələr illərdir təkzib edilsə də, onun tarixi bəzi həqiqi hadisələrə əsaslanır.
Bu ərazi haradadır?
Las-Veqasdan təxminən 120 mil şimal-qərbdə, Nevada ştatının "Yadplanetlilər magistral yolu" boyunca, 29 və 30-cu mil işarələri arasında adısız bir torpaq yol yerləşir. Asfalt yoldan binalar görünməsə də, bu yol Groom Lake və ya mülki aviasiya xəritələrində "Homey havayolu" adlanan yerə aparır.
Bu yoldan xəbərdar olanlar üçün o, bir çox qeyri-rəsmi adı olan hərbi bazaya aparır. İkinci Dünya Müharibəsindən əvvəl Groom Lake ətrafı gümüş və qurğuşun mədənçiliyi üçün istifadə olunurdu. Müharibə başladıqdan sonra isə hərbi məqsədlərlə – əsasən nüvə və silah testləri üçün istifadə edilməyə başlanıb.
Niyə səhrada gizli baza tikilib?
Soyuq Müharibə dövründə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) cəsus təyyarələri hazırlamağa başlayanda, o vaxtkı direktor Riçard Bissell təcrid olunmuş xüsusi baza lazım olduğunu başa düşüb.
1955-ci ildə o və Lockheed şirkətinin dizayneri Kelli Conson Groom Lake sahəsini seçiblər. "Atom enerjisi komissiyası" bu bazanı Nevada test sahəsinin xəritəsinə əlavə edib və bu ərazi "51-ci zona" adlanıb.
Yalnız səkkiz ay ərzində mühəndislər 70.000 fut hündürlükdə uça bilən U-2 təyyarəsini hazırlayıblar. Bu təyyarə Sovet radarlarından və raketlərindən uzaqda uça bilirdi.
1960-cı ildə bir U-2 Sovet raketi ilə vurulduqdan sonra 51-ci zonada yeni bir cəsus təyyarə, titan gövdəli A-12-ni hazırlanıb. Bu təyyarə radardan demək olar ki, görünmürdü və ABŞ ərazisini 70 dəqiqəyə 2.200 mil/saat sürətlə keçə bilirdi. Hətta 90.000 fut yüksəklikdən yer üzündəki cəmi bir fut ölçülü obyektləri çəkə bilən kameralara malik idi.
Yadplanetlilər və UFO-lar 51-ci zonanın əfsanəsinə necə çevrilib?
1989-cu ildə Robert Lazar adlı bir şəxs Las-Veqas televiziyasına müsahibə verərək Area 51-də yadplanetli kosmik gəmilərinin tədqiq olunduğunu iddia edib. Lazar, hərbi məqsədlər üçün bu texnologiyanı yenidən yaratmağa çalışdığını söyləyib.
Lakin tezliklə məlum olub ki, Lazarın MIT və Kalteç kimi təhsil müəssisələrinə gedib-getməsinə dair heç bir sübut yoxdur. Əslində isə 51-ci zona mühəndisləri yadplanetli texnologiya yox, başqa ölkələrdən ələ keçirilmiş qabaqcıl təyyarələri öyrənirdilər.
Yenə də bu zonadan çıxan yüksək texnologiyalı uçuşların çoxluğu bölgədə "naməlum uçan obyekt" (UFO) müşahidələrinin artmasına səbəb oldu.
Həqiqət doğrudanmı oradadır?
2013-cü ildə CIA U-2 və A-12-nin hazırlanması haqqında sənədləri açıqlayaraq 51-ci zonanın mövcudluğunu rəsmi olaraq qəbul edib. Baza bu gün də aktivdir, lakin 1970-ci illərdən bəri burada nələrin baş verdiyi hələ də gizli saxlanılır. Hazırkı fəaliyyətlər ancaq onilliklər sonra açıqlana bilər.
Ərazi bu gün də ABŞ-da yadplanetlilər haqqında mifik hekayələrin əsas simvolu olaraq qalır. 2019-cu ildə Lazarın verdiyi bir müsahibə "51-ci zona basqını" adlı bir aksiyaya ilham verib və təxminən 6.000 nəfər səhraya toplaşıb. Bu aksiyadan sonra bölgə yadplanetlilərlə bağlı muzeylər, restoranlar, motellər, paradlar və festivallarla canlanıb və insanlar hələ də həqiqətin orada olduğuna inanmaqda davam edirlər.
Mənbə: National Geographic
Tərcümə etdi: Arzu Qafarova
