Allergiyalar həm genetik, həm də yaşanılan mühitin birgə təsiri ilə yaranır. İki insan nə qədər çox şeyi paylaşırsa, eyni allergiyalara sahib olma ehtimalları da o qədər yüksək olur. Əkizlər ortaq xüsusiyyətləri səbəbilə allergiyaları paylaşmağa daha meyllidirlər, amma məsələ bununla bitmir. Allergiyalar çox mürəkkəbdir və kimdə yaranacağını müəyyənləşdirən çoxlu amillər var.
İmmunitet sisteminiz müdafiə zülalları, yəni anticisimlər istehsal edir. Bu anticisimlər orqanizminizə daxil olan zərərli mikrobları tapıb yox etməyə çalışır. Allergiya isə bədənin normalda zərərsiz olan bir maddəni səhvən təhlükəli kimi qəbul etməsidir. Bu tetikleyici maddələrə “allerqen” deyilir. Anticisimlər bu allerqenlərə yapışaraq immun sistem reaksiyasını işə salır. Nəticədə asqırma, burun axması və tutulması, qaşınan və sulanan gözlər, öskürək kimi simptomlar yaranır. Bunlar adətən kiçik və keçici simptomlardır. Bəzən allergiyalar həyati təhlükə yarada biləcək “anafilaksi” reaksiyasına səbəb ola bilər. Məsələn, kiminsə allergik olduğu bir qidanı yeməsi nəticəsində boğaz şişməsi və səpkilər yaranarsa, bu vəziyyət anafilaksi hesab olunur. Anafilaksiyanın ənənəvi müalicəsi bud əzələsinə adrenalin vurulmasıdır. Bir insan həm açıq hava faktorlarına, həm də ev içi faktorlarına qarşı allergik ola bilər.
İnsan bəzi qidalara da allergik ola bilər. Qida allergiyaları əhalinin 4-5%-nə təsir edir. Ən çox rast gəlinənlər: inək südü, yumurta, buğda, soya, fıstıq, qoz-fındıq, balıq, dəniz məhsulları və küncütdür. Bəzən insanlar böyüdükcə allergiyalarından xilas olur, bəziləri isə ömür boyu belə yaşayır. Hər bir anticisim yalnız müəyyən bir maddəyə reaksiya verir. Buna görə də bəziləri yalnız tək bir maddəyə qarşı allergik olur.
Ətraf mühit və gigiyena da allergiya ehtimalına təsir göstərir. İnsanlar nə qədər çox fərqli bakteriyalarla erkən yaşda qarşılaşarsa, allergiya riski o qədər azalır. Məsələn, tədqiqatlar göstərib ki, fermada böyüyən uşaqlar beş yaşından əvvəl ev heyvanı olan uşaqlar və çox bacı-qardaşı olanlar daha az allergiyaya sahib olur. Körpə ikən ana südü ilə qidalanmaq da allergiyadan qoruyur. Şəhərdə böyüyən uşaqlar, ehtimal ki, hava çirkliliyi səbəbindən daha çox allergiyaya meyilli olur. Siqaret çəkən insanlarla tez-tez eyni məkanda olan uşaqlarda da risk artır.
Genetika da allergiyanın yaranmasında böyük rol oynayır. Əgər valideynlərdən birində qida və ya mühitə qarşı allergiya varsa, uşağın da allergik olma ehtimalı yüksəkdir. Bəli, əkizlər eyni şeylərə qarşı allergik ola bilər, amma bu, hər zaman belə olmur. Avstraliyada aparılan bir araşdırmada əkizlərin 60-70%-inin eyni mühit allergiyalarına malik olduğu görülüb. Və eyni genetikaya sahib olan biryumurta əkizləri fərqli genetikaya malik iki yumurta əkizlərindən daha çox ortaq allergiyaya sahib olurlar. Biryumurta əkizləri genlərinin 100%-ni paylaşır, iki yumurta əkizləri isə sadəcə 50%-ni – adi bacı-qardaşlar kimi. Yəni, əkizlərin eyni şeylərə qarşı allergik olması ehtimalı yüksəkdir. Çünki onlar eyni genləri və çox vaxt eyni mühiti paylaşırlar. Amma bu avtomatik şəkildə eyni allergiyalara sahib olacaqlar demək deyil.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
