Alimlər K2-18b adlı ekzoplanetin atmosferində həyatla bağlı ola biləcək kimyəvi izlər aşkar ediblər.

James Webb Kosmik Teleskopunun müşahidələrinə əsasən, burada dimetil sulfid (DMS) və ehtimal ki, dimetil disulfid (DMDS) maddələrinin izləri tapılıb. Yer üzündə bu maddələr yalnız mikroorqanizmlər, xüsusilə dəniz fitoplanktonları tərəfindən istehsal olunur.
124 işıq ili uzaqlıqda yerləşən K2-18b yaşana biləcək “Hycean” tipli planet ola bilər. Bu, tamamilə maye su ilə örtülü və hidrogenlə zəngin atmosferə malik planet növüdür. Planetin öz ulduzuna olan məsafəsi də onun səthində maye suyun mövcudluğuna imkan yaradır.
Alimlər ehtiyatlı yanaşaraq nəticələrin həyatın qəti sübutu olmadığını bildirirlər. Müşahidələr üç sigma səviyyəsinə çatsa da, elmi kəşf üçün beş sigma göstəricisinə ehtiyac var. Əlavə müşahidələrin, xüsusilə də, 16-24 saatlıq yeni analizlərin aparılması planlaşdırılır.
Tədqiqat müəllifləri bu nəticəni həyat axtarışında əhəmiyyətli bir mərhələ kimi qiymətləndirir, lakin başqa alimlər planetin tərkibi və bu molekulların mənşəyi ilə bağlı fərqli ehtimalların olduğunu qeyd edirlər. Nəticələrin dəqiqləşdirilməsi üçün illərlə araşdırmalar davam edə bilər.
Mənbə: CNN
Tərcümə etdi: Xavər Məmmədli
