Bu gün:

Dünya katolikləri Papanın Pasxa vəfatı ilə əlaqədar yas tuturlar


Vatikandan Filippinə qədər milyonlarla katolik bu il Pasxa bayramını ruhani liderləri Papa Fransisklə vidalaşaraq qeyd edirlər.

Onun ölümü Roma Katolik Kilsəsinin davamçıları üçün ilin ən vacib vaxtlarından birinə təsadüf edir. Xəstə Papa Pasxa bayramında, bazar günü Müqəddəs Pyotr Meydanında ibadət edənlərə müraciət edib və təxminən 24 saat sonra isə vəfat edib.

Bu hadisə katolik dünyasında dərindən hiss olunur.

İspaniyadan olan Salesian keşişi Ata Sercio Codera bildirib: "Tanrı Xristian Kilsəsi üçün ən gözəl günü seçib – daha yaxşı bir gün seçə bilməzdi."

O əlavə edib: “Bu Pasxa bayramı xristianların qeyd etdiyi ən mühüm hadisədir, bizim ölümün son söz olmadığını qeyd etdiyimiz zamandır və elə bu gün Allah Papa Fransisklə görüşməyi seçib.”

Vatikanın özündə Papa Fransiskin son dəfə ictimai şəkildə göründüyü ana şahid olanlar hadisədən sarsılıblar.

"Bu, çox sarsıdıcı idi – biz onu dünən Pasxa bayramında gördük və xeyir-dua aldıq",– deyə Müqəddəs Pyotr Meydanında bir adam BBC-yə müsahibəsində deyib.

Papanın müraciətini eşidən bir qadın isə bildirib: “O, xalq qarşısında vəzifəsinə o qədər ciddi yanaşırdı ki – hətta, dünən çox pis hiss etsə də, yenə meydana çıxdı, hələ də Pasxa bayramında bizimlə idi, bizlə danışmağa çalışırdı".

Filippinin paytaxtı Manilada kilsə zəngləri çalınır. İbadət edənlər kilsələrə toplaşaraq dua edir və Papa Fransiskin ölümü üzərində düşünürlər.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et