Alimlər insanların əvvəllər görmədiyi yeni rəng- “olo”nun kəşf olunduğunu bildiriblər.
ABŞ-da aparılan elmi eksperiment nəticəsində alimlər insanların adi görmə ilə müşahidə edə bilmədiyi, “olo” adını verdikləri yeni bir rəngin kəşf olunduğunu iddia ediblər. Tədqiqat “Science Advances” jurnalında dərc olunub.

Eksperimentdə iştirak edən beş nəfərin- dörd kişi və bir qadının- göz bəbəyinə xüsusi lazer şüaları yönəldilib və bu zaman yalnız "M" tipli konus hüceyrələri stimullaşdırılıb. Bu hüceyrələr əsasən yaşıl rəngin qavranılmasına cavabdehdir və normal şəraitdə digər konus hüceyrələri ilə birlikdə fəaliyyət göstərir. Lakin bu təcrübədə yalnız "M" hüceyrələrinin seçici stimullaşdırılması nəticəsində beyində təbii görmədə mövcud olmayan yeni rəng siqnalı formalaşıb.
Tədqiqatın həmmüəllifi Kaliforniya Universitetinin professoru Ren Nq bu rəngin real dünyada görünən bütün rənglərdən daha "doymuş" və intensiv olduğunu bildirib. Onun sözlərinə görə, “olo” yalnız texnoloji vasitələrlə müşahidə oluna bilər və adi görmə ilə qavranıla bilməz.
Alimlər hesab edirlər ki, bu kəşf rəng korluğu ilə bağlı yeni elmi yanaşmaların inkişafına töhfə verə bilər. Lakin bəzi mütəxəssislər bu rəngin “yeni” adlandırılmasını mübahisəli sayaraq, bunun vizual sistemə yönəldilmiş texniki müdaxilənin nəticəsi ola biləcəyini bildirirlər.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
