24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil eksperti Kamran Əsədovdur. O, ixtisas seçimi ilə bağlı olan sualımızı cavablandırıb.

-Düzgün ixtisas seçimi necə olmalıdır?
-Artıq qəbul imtahanları başa çatıb, abituriyentlər ballarını gözləyirlər. Daha ciddi bir mərhələ bundan sonra başlayır. İmtahanda iştirak edib müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər. Abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirmək istəyirəm. Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eynidir?
Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır. Müsabiqə şərti DİM tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 35 yerdən ibarətdir, həmin ixtisasın ərizəsində müsabiqə şərtlərini ödəmiş 185 nəfər göstərib. Bu zaman həmin 185 nəfərdən ən yüksək bal toplayan 35 abituriyent bu ixtisasa qəbul edilir və 35- ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur. Vacib bir məsələni bildirmək istəyirəm ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlanmalıdırlar. Bu vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd etdiyim kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir.
24media.az qeyd edir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2023-cü il 107188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib: Ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84159 nəfər cari ilin, 23029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98119 nəfər Azərbaycan bölməsi, 9069 nəfər isə rus bölməsi üzrə sənəd verib. 11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub. 2790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91067 və 2614 nəfər olub.
Səadət Quliyeva
