İlon Mask-ın bağlı olduğu bildirilən “Hökumət Effektivliyi Departamenti” (DOGE) ABŞ-nin Daxili Təhlükəsizlik Departamentində (DHS) sənədsiz miqrantların izlənməsi üçün geniş miqyaslı bir məlumat bazası üzərində işləyir. Bu barədə birbaşa WIRED nəşrinə danışan mənbələr məlumat verib.

Mənbələrin bildirdiyinə görə, DOGE DHS-yə məxsus müxtəlif miqrasiya sistemlərini birləşdirir və əlavə olaraq, Sosial Təminat İdarəsi (SSA) və seçici qeydiyyatı kimi digər qurumlardan da məlumatlar toplayaraq vahid bir mərkəzə yönəldir. Mütəxəssislər bu sistemin gələcəkdə miqrantların kimliyini müəyyənləşdirmək və real vaxtda izləmək üçün istifadə edilə biləcəyindən narahatdırlar.
DOGE-nin planlaşdırdığı məlumat inteqrasiyası indiyə qədər ABŞ-də həyata keçirilmiş ən genişmiqyaslı məlumat birləşdirmə təşəbbüsü hesab olunur. Buraya biometrik məlumatlar da daxil olmaqla, son dərəcə həssas şəxsi məlumatların toplanması daxildir. Ekspertlər bu addımın yalnız sənədsiz miqrantların deyil, həm də ABŞ vətəndaşları və rəsmi xarici işçilərin məxfiliyini pozacağına dair ciddi xəbərdarlıq edirlər.
Prezident Donald Trampın 2025-ci ilin əvvəlində yenidən hakimiyyətə qayıtmasından sonra DOGE-nin dövlət məlumatlarına çıxışı artırmaq üçün atdığı addımlar WIRED, The New York Times və The Washington Post tərəfindən geniş şəkildə işıqlandırılıb. Həmin məlumatlara əsasən, administrasiyanın əsas hədəfi miqrantların iqtisadi fəaliyyətini məhdudlaşdıraraq onları ölkəni tərk etməyə məcbur etməkdir.
Məlumat bazasının yaradılması, DOGE-nin daha geniş miqyaslı planlarının bir hissəsi kimi qiymətləndirilir. Bu planlara miqrantların geolokasiya üsulu ilə izlənməsi, onların hərəkətlərinin nəzarət altına alınması və fərdi səviyyədə izlənməsi də daxildir. Mütəxəssislər isə bu təşəbbüsün demokratik dəyərlərə və insan hüquqlarına zidd olduğunu bildirirlər.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
