Bu gün:

Alimlərin təsadüfən kəşf etdiyi planet


Alimlər nəfəskəsici bir kəşfə imza atıblar. Tamamilə fərqli bir araşdırma çərçivəsində çalışan tədqiqatçılar gözlənilmədən Yer kürəsindən təxminən 120 işıq ili uzaqlıqda yerləşən ideal planet sistemini müəyyən ediblər. Bu möhtəşəm kəşf elm aləmində böyük həyəcan doğurub.

Alimlər bu planet sisteminə “2M1510” adını veriblər. Bu kəşf astronomiya tarixində mühüm hadisə kimi qeydə alınıb. Əsas səbəb isə bu sistemdəki planetin ilk dəfə olaraq, 90 dərəcə bucaq altında- yəni qütbvari orbitdə hərəkət etməsi ilə bağlıdır.

Böyük Britaniyanın Birmingem Universitetinin astronumu Amaury Triaud bu barədə belə deyib:

“Burada qeyri-adi olan yalnız ikili sistemin mövcudluğu deyil, həm də bir qəhvəyi cücə ikilisinin ətrafında dövr edən bir planetin aşkarlanmasıdır. Üstəlik, həmin planet qütbvari orbitdə hərəkət edir. Bu, doğrudan da, heyrətamiz və həyəcanvericidir”.

1995-ci ildə ilk dəfə aşkarlanan qəhvəyi cücə ulduzlar nə klassik ulduzlar, nə də adi planetlər kateqoriyasına aid edilir. Onlar arasında keçid mərhələsi kimi qiymətləndirilir.

"Səmadan gələn bir sürpriz": Tədqiqatçılar əsas məqsədləri olan araşdırmalarla məşğul olduqları zaman ulduzların işıq əyrilərini təhlil edərkən izahı çətin olan bir hərəkətlilik müşahidə ediblər. Astronomlar bəzi kiçik obyektlərin ulduzların ətrafında dövr etdiyini və bu zaman yayılan işığın dalğa uzunluğunda dəyişiklik baş verdiyini müəyyən ediblər. Əldə olunan məlumatlar bu təsirin qütbvari orbitdə hərəkət edən bir planetdən qaynaqlandığını göstərib. Bu kəşf kainata dair indiyədək qəbul edilən anlayışların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.

Alim Triaud yekunda bildirib:

“Bizim məqsədimiz belə bir sistemi kəşf etmək deyildi. Bu səmadan gələn möhtəşəm bir sürpriz idi”.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et