Temu və Şein Prezident Donald Tramp-ın Çindən göndərilən mallara tətbiq etdiyi gömrük rüsumları səbəbilə 25 apreldən etibarən ABŞ istifadəçiləri üçün qiymətləri artırmağı planlaşdırır.
Associated Press tərəfindən əldə olunan məlumata görə, Çində istehsal olunan məhsullara qoyulan 145%-lik rüsum və Tramp-ın 800 dollardan aşağı qiymətli malların ABŞ-yə rüsumsuz daxil olmasına icazə verən gömrük güzəştini ləğv etməsi hər iki platformanın biznes modelini pozub.
Hesabatda qeyd olunur ki, tezliklə ləğv ediləcək bu güzəşt çərçivəsində, çoxu Çindən olmaqla, hər gün təxminən 4 milyon bağlama ABŞ-yə daxil olur.
Şein və Temu, son bir neçə ildə təqdim etdikləri endirimli qiymətlər və təsiredici reklamları sayəsində ABŞ-də böyük populyarlıq qazanıblar.
Şirkətlər müştərilərini alış-verişə davam etməyə təşviq edir. Onlar qeyd edirlər ki, sifarişlərin vaxtında çatdırılmasını təmin edəcək və müştərilər üzərində təsiri minimuma endirmək üçün əllərindən gələni edəcəklər.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə