Bu gün:

Microsoft BitNet ilə Sİ sahəsində irəliləyib


Microsoft tədqiqatçıları süni intellekt(Sİ) sahəsində yeni bir irəliləyiş əldə ediblər. Şirkət, indiyə qədər hazırlanmış ən böyük miqyaslı 1 bitlik süni intellekt modelini – BitNet b1.58 2B4T-ni təqdim edib.

Yeni model “bitnet” adlanan texnologiyaya əsaslanır və açıq mənbəli olaraq MİT lisenziyası ilə ictimaiyyətə təqdim olunub. BitNet b1.58 2B4T, Apple-ın M2 prosessorları da daxil olmaqla, bir çox CPU-larda işləyə bilir, nəticədə, bu da onun geniş cihazlar üzərində tətbiq olunmasına imkan yaradır.

BitNet modelləri yüngül avadanlıqlarda yüksək performans göstərmək üçün sıxılmış formada hazırlanır. Burada çəki göstəriciləri kvantlaşdırılır, yəni daha az yaddaş istifadə edərək daha sürətli işləməyə imkan verir. Bu yanaşma modellərin çiplərdə daha az resursla işləməsini təmin edir.

Microsoft-un bildirdiyinə görə, BitNet b1.58 2B4T 2 milyard parametrə sahib ilk bitnet modelidir. Bu parametrlər süni intellekt modelinin əsas quruluşunu təşkil edən “çəki” dəyərlərinə bərabər tutulur.

Model, təxminən 4 trilyon token üzərində öyrədilib ki, bu da 33 milyon kitaba bərabərdir. Alimlərin fikrincə, BitNet b1.58 2B4T oxşar ölçüdəki ənənəvi modelləri performans baxımından geridə qoyur.

Bu yeni texnologiya süni intellektin daha əlçatan, sürətli və effektiv olacağı bir dövrün başlanğıcı kimi qiymətləndirilir.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə




Paylaş
Şərh əlavə et