Mədə turşusu - tibbi adı ilə hidroklor turşusu - təkcə qidaları deyil, hətta metal səthləri belə əridə biləcək gücə malikdir. Onun pH səviyyəsi 0.8-ə qədər enə bilər ki, bu da demək olar ki, saf turşu ilə müqayisə oluna bilər. Belə güclü bir maddə orqanizmin içində necə zərərsiz qala bilir?
Cavab mukus adlı qoruyucu selik təbəqədir. Mədənin daxili divarını örtən bu qalın və sürüşkən qat “müsin” adlı qlikoproteinlər sayəsində həm fiziki qalxan, həm də kimyəvi müdafiə mexanizmi kimi fəaliyyət göstərir. Mukus tərkibindəki bikarbonat vasitəsilə mədə turşusunu neytrallaşdıraraq turşunun mədə divarını aşındırmasının qarşısını alır.
Mukus iki qatlı quruluşa malikdir: biri qalın və mədə divarına sıx bağlı, digəri isə daha axıcı və yumşaqdır. İkinci qat, həm də faydalı bakteriyaların yaşaması üçün mühüm mühit yaradır və onları turşudan qoruyur.
Bu qoruyucu təbəqə zəiflədikdə isə risklər yaranır. Bəzi bakteriyalar və parazitlər bu səddi keçərək mədə divarında zədələnməyə, iltihaba və xoralara səbəb ola bilər. Xüsusilə xora qan damarlarının yaxınlığında yerləşərsə, daxili qanaxma, mədənin deşilməsi və turşunun qarın boşluğuna sızması kimi həyati təhlükələr meydana çıxa bilər.
Ən çox rast gəlinən problemlərdən biri də reflüdür - yəni mədə turşusunun geriyə, qida borusuna keçməsi. Bu zaman yanma, acı dad və digər narahatedici simptomlar yaranır. Reflü əsasən qida borusu sfinkterinin zəifləməsi və siqaret, alkoqol kimi amillərlə daha da kəskinləşir.
Nəticə etibarilə, mədə daxilində güclü bir turşu ilə davamlı qarşıdurma mövcuddur və bu mübarizənin qalibi çox vaxt düzgün işləyən qoruyucu sistemimiz olur.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli