Bu gün:

İsrail ordusundan fələstinliləri ərazilərini tərk etmə əmri


İsrail ordusu Qəzzanın mərkəzindəki Ən-Nusayrat bölgəsində yaşayan fələstinliləri ərazilərini tərk etməyə məcbur edib.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabında Nusayrat bölgəsindəki bəzi məhəllələrdə yaşayan fələstinlilərin məcburi köçkünləri ilə bağlı xəritə paylaşıb.

Adraee tərəfindən verilən təxliyə əmri Əl-İman, Ət-Təqva, Əl-Basatin, Əl-Zəhra, Əl-Bəvadi və Ən-Nuzhe məhəllələrini əhatə edir.

İsrail ordusunun bölgədə şiddətli hücumlar təşkil edəcəyini və bunun "son xəbərdarlıq" olduğunu bildirən Adraee bu bölgələrdən raketlər atıldığını iddia edib. 

Digər tərəfdən İsrail ordusu yazılı açıqlamada Qəzzadan İsrailin cənubuna doğru atılan raketin ələ keçirildiyini bildirib. Xəbərdarlıq sirenlərinin işə salındığı hücumda can itkisinin olmadığı bildirilib.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları məsələ ilə bağlı açıqlama verməyib.

Fələstinlilər ağır şəraitdə sağ qalmaq üçün mübarizə aparırlar.

İsrailin hərbi hücumları nəticəsində, infrastrukturu demək olar ki, tamamilə dağıdılan Qəzza zolağında təxminən 2,3 milyon fələstinlinin təxminən 90 faizi 2023-cü il oktyabrın 7-dən bu yana ən azı bir dəfə köçkün düşüb.

Köçkün fələstinlilər Qəzzaya humanitar yardımın verilməməsi səbəbindən baş verən humanitar fəlakət zamanı İsrailin hücumlarından qorunaraq çətin şəraitdə sağ qalmağa çalışırlar.

Mənbə: TRT haber

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et