Bu gün:

İsrailin hava hücumu Qəzza şəhərindəki xəstəxananın bir hissəsini məhv edib


İsrailin hava hücumu nəticəsində Qəzza şəhərində tam fəaliyyət göstərən, sonuncu xəstəxana olan Əl-Əhli Ərəb xəstəxanasının bir hissəsi dağıdılıb.

Şahidlərin sözlərinə görə, hava zərbəsi xəstəxananın reanimasiya və cərrahiyyə şöbələrini məhv edib.

İnternetdə yayımlanan videoda raketlərin iki mərtəbəli binaya düşməsindən sonra böyük alov və tüstünün yüksəldiyi görünüb. İnsanlar, o cümlədən hələ də xəstəxana çarpayılarında olan bəzi xəstələr hadisə yerindən qaçarkən görüntülənib.

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, xəstəxana "Həmas tərəfindən istifadə edilən komanda və idarəetmə mərkəzi" olduğu üçün hədəf alınıb. Qəzzanın fövqəladə hallar xidmətinin məlumatına görə, hələlik itkilər barədə məlumat yoxdur.

Bununla belə, xəstəxananı idarə edən Anqlikan Kilsəsinin bir hissəsi olan Qüds Yepiskop Yeparxiyasının yaydığı açıqlamada bildirilib ki, daha əvvəl kəllə-beyin travması almış bir uşaq "tələsik evakuasiya prosesi" zamanı həyatını itirib. Yeparxiya həmçinin qeyd edib ki, ətrafdakı binalar, o cümlədən Müqəddəs Filip kilsəsi də zədələnib.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et