Bu gün:

Sənədli film Danimarkanı çətin vəziyyətə salıb


Danimarka dövlət televiziyası DR yayımladığı "White Gold of Greenland" (“Qrenlandiyanın Ağ Qızılı”) adlı sənədli film ilə Danimarka və Qrenlandiya arasında uzun müddət müzakirə olunmuş kolonial keçmişi yenidən gündəmə gətirib. Film Cənubi Qrenlandiyanın Ivittuut şəhərində yerləşən və illərlə Danimarka tərəfindən istismar olunmuş kriolit mədənindən bəhs edib. Sənədli filmdə Danimarka bu mədən vasitəsilə 133 il ərzində təxminən 400 milyard Danimarka kronu qazandığını iddia edib.

Qrenlandiyada film böyük rezonans doğurub. Yerli sakinlər uzun müddət bildikləri, lakin rəsmi şəkildə etiraf olunmamış faktların bu sənəddə təsdiqləndiyini düşünüblər. Film seçki ərəfəsində yayımlandığı üçün ictimai rəyə və siyasi diskussiyalara təsir göstərib. Bəzi seçicilər sənədli filmin səsvermə qərarlarına mühüm təsir edəcəyini bildiriblər.

Danimarkada isə filmə qarşı ciddi tənqidlər səsləndirilib. İqtisadi hesablamaların dəqiqliyi və jurnalistik etika məsələləri sual altına alınıb. DR əvvəlcə filmi müdafiə etsə də, sonradan daxili istefalar və təqdimatla bağlı yaranmış narahatlıqlar səbəbilə sənədli filmi yayım platformalarından çıxarıb.

Qrenlandiyalı siyasətçilər, o cümlədən keçmiş nazir Naaja Nathanielsen bu hadisəni yalnız keçmişin ədalətsizliklərini deyil, eyni zamanda, Danimarkanın Qrenlandiyaya verdiyi töhfələrin də dəyərləndirilməsi üçün fürsət kimi qiymətləndiriblər.

Bu hadisə Danimarka və Qrenlandiya arasında tarixə fərqli baxış bucaqlarını, tarixi ədalət və tanınma ehtiyacını bir daha önə çıxarıb.

Mənbə: The Guardian

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et