İqlim dəyişikliyi tozcuq allergiyalarını daha da ağırlaşdırır. Temperaturun yüksəlməsi ilə birlikdə bitkilər daha uzun müddət və daha intensiv şəkildə tozcuq yayır. Bu, xüsusilə ABŞ, Avropa və Avstraliya kimi bölgələrdə allergiya mövsümünün uzanmasına və əhalinin daha çox hissəsinin bu problemlə üzləşməsinə səbəb olur.

2016-cı ildə Avstraliyanın Melburn şəhərində baş verən və "ildırım astması" adlandırılan hadisə bu problemin dramatik nəticələrini ortaya qoyub. Güclü fırtına zamanı buludlara çəkilən trilyonlarla tozcuq hissəciyi şimşək, rütubət və yağışın təsiri ilə parçalanaraq daha kiçik və təhlükəli formaya düşüb yenidən yerə enib. Nəticədə, minlərlə insan tənəffüs problemi ilə xəstəxanalara üz tutub, təcili tibbi yardım çatdırılmasında çətinliklər yarandı və 10 nəfər həyatını itirib.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi yalnız tozcuq miqdarını deyil, həm də bu hissəciklərin mövsümi dövrlərini və növlərini dəyişir. Ragweed (ambrosiya) kimi bəzi bitkilər bir milyardadək tozcuq hissəciyi istehsal edə bilir və bu bitkiyə qarşı allergiyası olan insanların sayı artıq on milyonlarla ölçülür.
Problemin həlli məqsədilə bəzi ölkələrdə bu bitkilərlə mübarizə aparılır, məsələn, Almaniyada xüsusi işçi qrupları şəhərlərdə ragweed bitkisini ləğv edir, İsveçrə isə 2024-cü ildən etibarən bu bitkinin idxal və satışını qadağan edib. Mütəxəssislər eyni zamanda şəhərsalmada ağac seçiminə diqqət yetirilməsini, tozcuq səviyyələrinin daha dəqiq monitorinqini və allergenlərin miqdarının rutin ölçülməsini vacib hesab edirlər.
Alimlərin gəldiyi qənaətə görə, iqlim dəyişikliyi insan sağlamlığına təsir göstərməyə davam edəcək. Əgər koordinasiyalı tədbirlər görülməzsə, allergiya mövsümləri daha da uzanacaq, əlamətlər şiddətlənəcək və nadir də olsa, ölümcül nəticələrə səbəb olan hadisələrin sayı arta bilər.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
