
“Sosial şəbəkə” termini internetin və müasir onlayn şəbəkələrin yaranmasından çox əvvəl, hələ 1954-cü ildə Mançester məktəbinin sosioloqu Ceyms Barns tərəfindən təqdim edilib.
Müasir anlayışa görə, sosial şəbəkə insanın tanışları ilə qurduğu əlaqələrdən ibarət bir dairədir. Burada insan – sosial şəbəkənin mərkəzi, onun tanışları – şəbəkənin qolları, insanlar arasındakı münasibətlər isə bağlantılardır. Əgər sosial şəbəkəyə daha dərindən baxsaq, əlaqələrin fərqli tiplərə ayrıldığını görərik: birtərəfli və ikitərəfli əlaqələr, dost şəbəkələri, iş yoldaşları, sinif və kurs yoldaşları və s.
XX əsrin ikinci yarısında sosial şəbəkələr elmi konsepsiya kimi aktiv inkişaf etməyə başlayıb. İlk olaraq Qərbdə populyarlıq qazanan bu anlayış, zamanla texnoloji inkişafla birgə daha geniş yayılıb. 2 oktyabr 1971-ci ildə ilk dəfə uzaq bir kompüterə mesaj göndərilib. Bu mesajı alanlar ARPANET şəbəkəsində olan hərbçilər idi. Məhz bu hadisə internetin və müasir sosial şəbəkələrin yaranmasının ilk addımı olub.
Sonrakı mühüm inkişaf addımı IRC-nin (Internet Relay Chat — İnternet retranslyasiya çatı) icad edilməsi olub. 1988-ci ildə finlandiyalı tələbə Yarko Oykarinen tərəfindən yaradılan IRC, real vaxt rejimində ünsiyyət üçün bir sistem idi. Bu, müasir sosial şəbəkələrdən hələ uzaq olsa da, daha təkmil bir platforma idi. Kompüterlərin, e-poçtun və IRC-nin icad edilməsindən sonra, 7 avqust 1991-ci ildə internetin meydana gəlməsi qaçılmaz olub. Məhz həmin gün britaniyalı alim Tim Berners-Li ilk veb-səhifələri yayımlayaraq müasir sosial şəbəkələrə aparan növbəti addımı atıb.
1995-ci ildə isə müasir sosial şəbəkələrə bənzəyən ilk platforma olan “Classmates.com” yaradılıb. Bu saytı “Classmates Online, Inc.” şirkətinin sahibi Rendi Konrad qurub. Sayt istifadəçilərə dostlarını, sinif və kurs yoldaşlarını tapmaq və onlarla əlaqədə qalmaq imkanı verirdi. Hazırda bu şəbəkədə əsasən ABŞ və Kanadadan olmaqla 40 milyondan çox insan qeydiyyatdan keçib.
Bütün sosial şəbəkələrin bir neçə ümumi xüsusiyyəti var:
- İstifadəçi qeydiyyatdan keçərək hesab yaradır.
- Qeydiyyat zamanı şəxs haqqında müəyyən məlumatlar toplanır ki, bu da onun tanınmasına imkan yaradır.
- İstifadəçi sistemə daxil olmaq üçün öz adını və parolunu daxil edərək hesabını aktivləşdirir.
- İstifadəçi öz profilini fərdiləşdirir və maraqları barədə əlavə məlumatlar təqdim edə bilir.
Araşdırmalara görə, sosial şəbəkələr insanların internetdə keçirdiyi vaxtın artmasının əsas səbəblərindən biridir. Bu platformalar istifadəçilərə öz maraqlarını ifadə etmək və onları başqaları ilə bölüşmək imkanı yaradır. Beləliklə, sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də güclü bir marketinq alətinə çevrilib. Hətta bəzi tədqiqatçılar hesab edirlər ki, gələcəkdə sosial şəbəkələr biznes üçün zəruri bir alət olacaq. Sosial şəbəkələr qeyri-rəsmi ünsiyyət platforması olmaqla yanaşı, yeni musiqi yaratmaq, işçi və tərəfdaşlar tapmaq üçün də effektiv bir vasitəyə çevrilib. Texniki baxımdan sosial şəbəkə – çoxistifadəçili interaktiv veb-saytdır və onun məzmunu birbaşa istifadəçilər tərəfindən yaradılır.
İlk sosial şəbəkələr bugünkülərdən çox fərqli olub. Məsələn, “Talkomatic” – 1973-cü ildə İllinoys Universitetinin iki tələbəsi tərəfindən yaradılan bir ünsiyyət vasitəsi idi. Bu platforma, tələbələrin tapşırıqlar üzərində birgə işləməsi üçün nəzərdə tutulmuşdu. O vaxt mesaj göndərmək mümkün deyildi. Hər iştirakçının ekranında xüsusi bir sahə ayrılırdı və həmin sahəyə yazılan mətn dərhal digərləri tərəfindən görünürdü.
Daha sonra ünsiyyət üçün elan lövhələrindən istifadə edilməyə başlanıb. Bu lövhələrə telefon xətti vasitəsilə daxil olmaq mümkün idi. 1984-cü ildə Tom Cenninqs “FidoNet” adlı proqramı yaradıb. Bu sistem, yalnız bir şəhər daxilində deyil, ölkənin digər bölgələri ilə də mesajlaşmağa imkan verən ucuz və sadə bir elan lövhəsi formatı idi.
Müasir sosial şəbəkələrin yaranması “IRC” protokolunun (1988) icadına borcludur. Yarko Oykarinen tərəfindən hazırlanan bu sistem, onlayn qrup çatları vasitəsilə ünsiyyət qurmağa imkan verirdi. 1990-cı illərdə IRC müştəriləri, internet istifadəçilərinin hələ də başa düşdüyü bəzi simvolik ünsiyyət qaydalarını formalaşdırıb. Məsələn, “#”işarəsi mövzu kanallarını, “@“ isə fərdi istifadəçiləri göstərmək üçün istifadə olunurdu.
Müasir sosial şəbəkələr anlayışına uyğun ilk platforma isə “SixDegrees” olub. “SixDegrees.com” saytında profillər, dost siyahıları və hətta yerli elan lövhələri kimi bütün vacib elementlər mövcud idi. Sayt adını “altı əl sıxma” nəzəriyyəsindən götürüb. Maraqlıdır ki, bu nəzəriyyəni illər sonra “Facebook” yoxlayıb və müəyyən edib ki, əslində istənilən insanla tanış olmaq üçün cəmi “3,57 əl sıxma” lazımdır.
Əvvəllər blog yaratmaq yalnız proqramçılar üçün mümkün idi. Lakin 1998-ci ildə iki amerikalı proqramçı “Open Diary” platformasını yaradıb. Bu platformada istənilən şəxs öz gündəliyini açaraq qeydlərini paylaşa bilirdi. “Open Diary” bu gün də mövcuddur və bəzi insanlar hələ də orada yazılar paylaşır. Məhz bu platformanın yaradıcıları şərh funksiyasını ilk dəfə tətbiq ediblər.
Çox adam bilmir, amma ilk Azərbaycan sosial şəbəkəsi “E-Xecutive” olub. 2001-ci ildə yaradılan bu platforma, ən yaxşı peşəkar icma üzvlərini bir araya gətirmək məqsədini daşıyır və bu gün də fəaliyyət göstərir.
Bugünkü sosial şəbəkələr daha mürəkkəb və fərqli xüsusiyyətlərə sahibdir. Süni intellektin inkişafı, istifadəçilərə fərdi məzmun tövsiyə edən alqoritmlərin yaranmasına səbəb olub. Qısa videolar, canlı yayımlar və striminqlər əksər platformalarda dominant hala gəlib. Sosial şəbəkələr artıq təkcə ünsiyyət vasitəsi deyil, həm də gəlir mənbəyinə çevrilib. Bəli, hazırda dünyada sosial şəbəkələrin qadağan edilməsi və bloklanması halları baş verir. Lakin buna baxmayaraq, onlar hələ də həyatımızın bütün sahələrinə – ünsiyyətdən biznesə, siyasətdən mədəniyyətə qədər təsir göstərməyə davam edir.
Mənbə: sssvu.minobr63.ru
Tərcümə etdi: Fatimə Kərimli
