Yeni araşdırmada bir qrup siçana “insan dili geni” verilib. Bu genə malik siçanlar adi siçanlardan fərqli səs quruluşuna malik idi.

Bu genetik dəyişiklik siçanın səs çıxarma qabiliyyətinə təsir edərək, şifahi ünsiyyətin təkamülünə dair mühüm məlumatlar verir. İnsan dil geninə sahib körpə siçanlar, adi siçanlardan fərqli və daha yüksək səslər çıxarır. Siçanlar analarını çağırarkən çıxardıqları ultrasəs səslərində belə dəyişikliklər müşahidə olunur. Genləri manipulyasiya edilən siçanlarda isə bu səslərin quruluşunda dəyişikliklər baş verir. Erkək siçanlar isə potensial yoldaşlarını cəlb etməyə çalışarkən daha mürəkkəb və yüksək tonlu səslər çıxarır, bu da onların daha təsirli ünsiyyət qurmasına səbəb olur.
Bütün bu dəyişikliklər, NOVA1 adlı genlə əlaqəlidir. Bu genin dilin inkişafında və şifahi ünsiyyətin yaradılmasında mühüm rolu olduğu müəyyən edilib. NOVA1 geninin müxtəlif heyvanlarda – quşlardan məməlilərə qədər – mövcudluğu, bu genin bioloji təkamüldə əhəmiyyətini göstərir. İnsanlardakı NOVA1 versiyası isə digər heyvanlardan fərqlənir və I197V adlı kiçik bir dəyişiklik var. Bu dəyişiklik, genetik olaraq səsdə iştirak edən digər genlərə də təsir edərək şifahi ünsiyyətin formalaşmasında rol oynayır.
Araşdırmalar həmçinin göstərir ki, Neandertallar və Denisovalılar bu genin eyni versiyasına malik deyildirlər. Bu da onların Homo sapiens kimi səlis danışmağa və inkişaf etmiş şifahi ünsiyyətə malik olmasına imkan verməyib. Bu tapıntılar, insan dilinin təkamülünü başa düşmək üçün mühüm bir addım olaraq qəbul edilir.
Mənbə: Nefes Haber
Tərcümə etdi: Mina Yadigarlı
