Bu gün:

Ozon təbəqəsi 2066-cı ilə qədər əvvəlki vəziyyətinə qayıdacaq


Alimlərin yeni hesablamalarına görə, Yerin təbii qoruyucu qalxanı olan ozon təbəqəsi 2066-cı ilə qədər tamamilə əvvəlki qalınlığına qayıdacaq. NASA və Milli Okean və Atmosfer İdarəsi (NOAA) 2024-cü ildə edilən ölçmələrdə Antarktida üzərindəki ozon dəliyinin daraldığını və bərpa prosesinin müsbət irəlilədiyini bildirir.


NASA Ozon Araşdırma Qrupunun direktoru Dr. Paul Newman, ozon dəliyinin 2000-ci illərin əvvəlləri ilə müqayisədə çox daha kiçik bir əraziyə yayıldığını bildirib. Bununla belə, 2024-cü ildə ölçülən ozon dəliyinin ölçüsü hələ də təxminən 20 milyon kvadrat kilometrdir ki, bu da “ABŞ”nin səthinin üç qatına bərabərdir. Ozon təbəqəsinin incəlməsi daha zərərli UVB şüalarının yer səthinə çatmasına səbəb olur, dəri xərçəngi və katarakt kimi sağlamlıq risklərini artırır.


Ozon qatının yaxşılaşmasının səbəbləri


Hər il Antarktidada ozon təbəqəsi kimyəvi çirklənmə və hava şəraiti səbəbindən məhv olur. Bununla belə, alimlər vurğulayırlar ki, ozon təbəqəsinin bərpası üçün əsas səbəb CFC (xloroflorokarbonlar) kimi zərərli qazların qadağan edilməsidir. 1992-ci ildə qüvvəyə minən qadağalar sayəsində bu qazların atmosferdəki miqdarı getdikcə azaldı və ozon təbəqəsi özünü bərpa etməyə başlayıb.


2024-cü ildə aparılan müşahidələr göstərib ki, ozon dəliyi əvvəlki illərlə müqayisədə sentyabrın 7-dən oktyabrın 13-dək daha kiçik qalıb. Sentyabrın 28-də 22,4 milyon kvadrat kilometrə çatan ozon dəliyi 2023-cü ildə ölçülən 26 milyon kvadrat kilometrdən kiçik olub. Bu ozon təbəqəsinin bərpa prosesində olduğunu göstərir.


Bundan əlavə, 2024-cü ildə Antarktidada baş verən qəfil stratosferin istiləşməsinin ozon təbəqəsinə də müsbət təsir edəcəyi bildirilir. İyun ayında yaşanan 15-17 dərəcə istilik artımı ozon təbəqəsini zədələyən soyuq hava axınlarını zəiflədərək təbəqənin qorunmasına töhfə verib.


Tam bərpa üçün daha çox vaxt lazımdır


NASA və NOAA ekspertləri bildirirlər ki, ozon təbəqəsinin tam bərpa olunduğunu söyləmək hələ tezdir. “NOAA”nın Qlobal Monitorinq Laboratoriyasından Dr. David A. A Stephen Montzka bildirir ki, ozon dəliyi son illərlə müqayisədə daha kiçik olsa da, təbəqənin əvvəlki qalınlığına çatması üçün daha çox vaxt lazımdır.


Ozon təbəqəsinin qalınlığı Dobson vahidlərində (DU) ölçülür. “220 DU”dan aşağı olan dəyərlər ozon dəlikləri hesab olunur. 2024-cü il üçün edilən ölçmələrdə oktyabrın 5-də ən incə nöqtədə 109 DU dəyəri qeydə alınıb. Bu göstərici 2006-cı ildəki ən aşağı qiymət olan “92 DU”dan daha yaxşı olsa da, ozon təbəqəsinin əvvəlki vəziyyətinə qayıtması hələ çox vaxt tələb edir.


“NOAA”dan tədqiqatçı kimyaçı Bryan Johnson, 1979-cu ildə Antarktida üzərində 225 DU ozon təbəqəsinin ölçüldüyünü xatırladır və ozon təbəqəsinin tam bərpası üçün daha çox qlobal ekoloji siyasət və davamlı tədbirlərə ehtiyac olduğunu vurğulayır.


Ətraf mühit siyasətlərinin önəmi


Alimlər bildirirlər ki, ozon təbəqəsinin tam bərpası üçün ətraf mühitin mühafizəsi siyasəti qlobal miqyasda davam etdirilməlidir. “CFC”lərin qadağan edilməsinin müsbət təsiri aydın görünsə də, ekoloji cəhətdən zərərli kimyəvi maddələrin istifadəsinə tamamilə son qoymaq ozon təbəqəsinin daha tez bərpasına kömək edə bilər. Mövcud qoruma siyasəti davam edərsə, ozon təbəqəsinin 2066-cı ilə qədər əvvəlki vəziyyətinə qayıtması gözlənilir.


Bu prosesdə fərdi və korporativ ekoloji şüurun artırılması böyük əhəmiyyət kəsb edir. Ozon təbəqəsini qorumaq və gələcək nəsillərə daha sağlam dünya buraxmaq üçün davamlı həyat vərdişləri təşviq edilməlidir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et