Bu gün:

İnsan beyni sərhədlərini aşa bilər?


İnsan beyni təkamül prosesində formalaşan ən mürəkkəb və hələ də tam öyrənilməmiş orqanlardan biridir. “Beynimizin cəmi 10 faizini istifadə edirik” kimi məşhur, lakin elmi əsası olmayan ifadələrə baxmayaraq, beynimizin fəaliyyət mexanizmini başa düşmək potensialımızdan daha səmərəli istifadə etməyə imkan yaradır. Bəs doğrudanmı beynimizin sərhədlərini aşmaq mümkündür? 

Bütün hisslərimiz və duyğularımız məhz beynimiz tərəfindən idarə olunur. O, həyati funksiyalarımızı təmin etməklə yanaşı, məlumatların toplanması və emal edilməsinə də cavabdehdir. Elm adamları uzun illərdir beynin fəaliyyəti ilə bağlı müxtəlif tədqiqatlar aparır. Əsas suallardan biri budur: Beyin qabiliyyətlərini genişləndirmək mümkündürmü? Əvvəlcə bir məqamı dəqiqləşdirək: "Beynimizin yalnız 10 faizini istifadə edirik" ifadəsi elmi cəhətdən səhvdir. Əslində, beynimizin bütün hissələri müxtəlif vaxtlarda və fərqli funksiyalar icra edərkən aktiv olur. Amerikalı nevroloq Barri Qordonun fikrincə, "Beynimizin hər hissəsindən istifadə edirik və onun böyük bir qismi demək olar ki, daim işlək vəziyyətdədir." Beynin müxtəlif bölgələri spesifik funksiyaları yerinə yetirir və onlar fərqli hallarda aktivləşir. Bu o deməkdir ki, müəyyən mənada beynin sərhədlərini genişləndirmək mümkündür. Bunun canlı sübutları da mövcuddur.

Məsələn, dünya miqyasında tanınan hafizə çempionu Coşua Foer xüsusi yaddaş texnikalarından istifadə edərək beyin potensialını artırıb. O, "Einşteynlə Ayaqlaşmaq" adlı kitabında yaddaşı inkişaf etdirmək üçün tətbiq etdiyi üsulları izah edir. Digər tərəfdən, Albert Eynşteynin beyninin quruluşu üzərində aparılan araşdırmalar bəzi sahələrinin daha çox inkişaf etdiyini göstərib. Lakin bu yalnız genetik faktorlarla bağlı deyil. Mühit öyrənmə metodları və həyat tərzi də böyük rol oynayır. Beynin sərhədlərini aşmaq üçün mühüm amillərdən biri də nöroplastiklikdir.

Nöroplastiklik beynin yeni təcrübələr və məlumatlarla dəyişmə qabiliyyətidir. Bu proses öyrənmə, vərdişlərin dəyişdirilməsi və yeni bacarıqların əldə edilməsi zamanı aktivləşir. Məşhur nevroloq Maykl Merzenix beynin nə qədər elastik və dəyişkən bir quruluşa malik olduğunu göstərən tədqiqatlar aparıb. Diqqəti və konsentrasiyanı gücləndirmək beynin məhsuldarlığını artıran əsas faktorlardandır. Müasir dövrdə daim gələn bildirişlər və xarici təsirlər diqqətimizi zəiflədə bilər. Bunun qarşısını almaq üçün meditasiya, diqqət məşqləri və vaxt idarəetmə texnikaları tətbiq oluna bilər. Elmi araşdırmalar göstərir ki, meditasiya beyində boz maddənin sıxlığını artırır və bu da idrak qabiliyyətlərinin inkişafına müsbət təsir göstərir.

Beynin optimal fəaliyyətini təmin etmək üçün qidalanma, yuxu və fiziki aktivlik vacibdir. Omega-3 yağ turşuları, antioksidantlar və vitaminlər beynin sağlamlığını qoruyan əsas maddələrdir. Xüsusilə somon balığı, qoz və yaşıl yarpaqlı tərəvəzlər beyin funksiyalarını gücləndirə bilər. Beyin yuxu zamanı gün ərzində qəbul etdiyi məlumatları emal edir və yaddaşı gücləndirir. Daimi idman məşqləri zamanı beyində endorfin ifraz olunur, bu da zehni sağlamlığı dəstəkləyir. Bundan əlavə, tapmaca həll etmək, yeni dil öyrənmək və ya musiqi alətində çalmaq beyinin zehni fəaliyyətini artıran mühüm məşqlərdəndir.

Nəticə etibarilə, beynimizin potensialını müəyyən sərhədlər çərçivəsində genişləndirmək mümkündür. Nöroplastiklik sayəsində yeni biliklər əldə etmək, düşüncə tərzini dəyişdirmək və intellektual səviyyəni artırmaq realdır. Lakin unutmayaq ki, beyin fiziki və bioloji məhdudiyyətlərə malikdir. Doğru metodlar və düzgün həyat tərzi ilə potensialımızı maksimum səviyyədə istifadə edə bilərik.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et