24media.az-ın bu dəfəki müsahibi psixoloq Gülnar Orucovadır. O, üç-dörd dilli uşaqların sosial mühitə necə adaptasiya olmasından danışıb.
Uşaqlar nə vaxt ikinci dili öyrənməyə hazır olur?

Son dönəmlərdə biz görürük ki, əvvəl hamı övladını rus bölməsinə qoyurdu, lakin hal-hazırda isə demək olar ki, hər kəs övladlarını ingilis dilli məktəblərə sövq edir. Və burada biz baxıb nə görürük? Uşaq bir dili bilmədən ona digər dili öyrətməyə çalışırlar. Ümumilikdə uşağın nitqi 3 yaşında tamamlanır. 3 yaşında hər bir uşaq suallara cavab verməli, fikrini izah etməli və digər əqli bacarıqları qavramalıdır.
3 yaşından sonra əgər uşaq bir dili tam bilirsə, ona digər dili öyrətmək olar. Amma ümumilikdə uşaqlar hal-hazırdakı dövrdə gec danışdıqları üçün hətta uşağın nitqi 5 yaşında tamamlanada bilər, tamamlanmaya da bilər. Bu səbəbdən də uşağa 2-ci dili öyrətmək 5 yaşından sonra uyğundur. Və uşaq 2-ci bir dili bir il müddətində qismən öyrənə bilər və o dil üzrə təhsil ala bilər. Mən ümumilikdə belə düşünürəm ki, ailədə hansı dildə danışılırsa, uşaq həmin dildə bağçaya və ya məktəbə getməlidir. Amma təəssüflər olsun ki, günümüzdə valideynlər evdə danışmadığı dildə, özlərinin belə bilmədiyi dildə uşaqlarını həmin dildə olan təhsil müəssisəsində oxudurlar. Bu, təbii ki, doğru deyil. Bunun yan tərəfləri mütləq ki, gələcəkdə özünü biruzə verəcək.
Uşaqlar ikinci dili vaxtından əvvəl öyrənərlərsə, nə kimi problemlərlə üzləşə bilərlər?
1. Əgər bir uşaq hər hansı ikinci dili vaxtından tez öyrənərsə, uşaqda nitq pozuntuları ortaya çıxa bilər, yəni o, fikrini çatdırmaqda çətinlik çəkə bilər.
2. Uşaq sosial mühitdə – yoldaşlarıyla münasibətdə sanki davamlı olaraq tərcümə ilə işləyir. Məsələn, mən işlədiyim tədris mərkəzində belə bir hadisənin şahidi olmuşam ki, uşaq azərbaycan dilində fikrini ifadə edir, cavab ala bilmir. Daha sonra isə elə fərz edir ki, yoldaşları onu anlamır və dediyini rus dilində təkrar edir. Halbuki, yoldaşları onu anlayır, lakin cavab vermək istəmir. Və həqiqətən bu kimi situasiyalar uşaqların dil mövzusunda çətinliklərlə üzləşdiyini göstərir. Uşaqlar mühitə adaptasiya ola bilmir. Ümumiyyətlə, bir mühitə alışmaq üçün müəyyən bir müddət lazımdır və ətrafda həmin dildə danışan insanlarla əlaqə qurmaq daha məqsədəuyğundur və buna görə də uşaqlar hansı dildə təhsil alırsa, o dildə danışan insanlarla ünsiyyət qursa, o mühitdə olsa, bu uşaqlar üçün daha yaxşı olar. Fərqli dillərdə təhsil alan uşaqların isə buna uyğun olaraq danışa biləcəyi fərqli mühitləri olmalıdır. Əks halda isə uşaqlarda bir sıra problemlər ortaya çıxa bilər; özgüvən əskikliyi, narahatlıq, stress, qorxu və s.
Gülçin Abdullayeva
