Bu gün:

Zamanda səyahət: Xəyal, yoxsa elmi reallıq?


Zamanda səyahət elmi fantastikanın və nəzəri fizikanın ən maraqlı mövzularından biri olaraq qalır. Müasir elm zaman boyunca hərəkətin mümkünlüyünü nəzəri olaraq qəbul edən bir neçə model təklif edir, lakin onların praktiki həyata keçirilməsi hələlik sual altındadır.


1. Qapalı zamanabənzər əyrilər (CTC)


Ümumi nisbilik nəzəriyyəsinə əsasən, qapalı zamanabənzər əyrilərin mövcudluğu mümkündür. Bu trayektoriyalar obyektin öz keçmişinə qayıtmasına imkan verə bilər. İlk dəfə 1949-cu ildə Kurt Gödel tərəfindən tədqiq edilən bu ideya Eynşteynin sahə tənliklərinin xüsusi həlli olan Gödel metrikası əsasında işlənib.


Lakin bu cür əyrilərin varlığı səbəb-nəticə prinsipinə zidd olan paradokslara səbəb ola bilər. Məsələn, zaman səyahətçisi keçmişə gedərək öz atasını tanışlıqdan əvvəl öldürərsə, o zaman özü necə dünyaya gələ bilərdi?


2. Krasnikov borusu


1995-ci ildə rusiyalı fizik Sergey Krasnikov tərəfindən təklif edilən Krasnikov borusu adlı nəzəri model zamanda səyahət üçün bir yanaşma təqdim edir.


Bu konsepsiya yüksək nisbi sürətlə hərəkət edən cisimlərin kosmos zamanı xüsusi bir şəkildə əyməsi ideyasına əsaslanır. Nəzəri cəhətdən belə bir boru səyahətçiyə başlanğıc nöqtəsinə qayıtmağa və səyahətə başlamamışdan əvvəl ora çatmağa imkan verə bilər.


Lakin bu strukturu yaratmaq üçün müasir texnologiyadan çox üstün imkanlara ehtiyac var.


3. Zamanda səyahət edənlər: Con Taytor hadisəsi


2000–2001-ci illərdə internetdə Con Taytor təxəllüsü ilə bir istifadəçi peyda olub və 2036-cı ildən gəldiyini iddia edib. O, gələcək haqqında proqnozlar verib və “zaman maşınının” işləmə prinsiplərini izah edib.


Baxmayaraq ki, onun hekayəsi böyük maraq doğurub bu iddialar elmi şəkildə təsdiqlənməyib və daha çox internet əfsanəsi kimi qiymətləndirilib.


Nəzəri modellər zamanda səyahətin mümkün ola biləcəyini göstərsə də, bu ideyanın praktik həyata keçirilməsi texniki və konseptual baxımdan ciddi problemlərlə üzləşir.


Xüsusilə keçmişə səyahət paradokslar və səbəb-nəticə qanunlarının pozulması kimi problemlər yaradır. Hazırda zamanda səyahətin mümkün olub-olmaması hələ də açıq qalan elmi suallardan biridir və bu mövzuda daha çox tədqiqata ehtiyac var.


Mənbə: Prokosmos.ru


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et