Bu gün:

Dərsliklərin dili sadə və aydın olarsa, təhsil keyfiyyəti də artacaq


24media.az-ın budəfəki müsahibi Təhsil eksperti Kamran Əsədovdur. O, azərbaycan dili dərsliklərinin keyfiyyəti, quruluşu, məzmunu və çatışmazlıqları haqqında danışıb.

Keyfiyyətli təhsil üçün nə vacibdir?

Keyfiyyətli təhsilin əsas təməllərindən biri dərsliklərin şagirdlər tərəfindən rahat qavranılması və istifadə edilə bilməsidir. Dərsliklər sadə, aydın, məntiqi ardıcıllıqla tərtib olunmalı, şagirdlərin yaş səviyyəsinə, psixoloji xüsusiyyətlərinə uyğun həyata keçirilməlidir. Lakin indiki mənzərəni dəyərləndirdikdə bir sıra problemlərin olduğu görünür.


Azərbaycanda dərsliklərin dili şagirdlər və valideynlər üçün problemlər yaradır

Azərbaycanda mütəmadi olaraq dərsliklərin keyfiyyəti ilə bağlı narazılıqlar meydana çıxır. Apardığım tədqiqat və təhlillərdə görürəm ki, şagirdlər və valideynlər dərsliklərin dili, izah mətni və verilmiş təlim tapşırıqlarının ağır olduğunu bildirirlər. Məsələn, 2023-cü ildə Azərbaycan Təhsil Nazirliyinin sifarişi ilə aparılan bir tədqiqatda müəyyən edilib ki, ibtidai sinif şagirdlərinin 38%-i dərsliklərdəki mətni ilk oxunuşda tam başa düşmədiyini bildirir. Yuxarı siniflərdə bu faiz 45%-dək çıxır.


Dərsliklər bəzən elmi məqalələrin sübutu kimi yazılır

Dərsliklərin dili bəzi hallarda olduqca akademikdir. Təlim metodikasının əsas prinsipindən biri fərdi yanaşma və şagirdlərin bacarıqlarına uyğun izahın verilməsidir. Lakin mövcud dərsliklər bəzən elmi məqalələrin sübutu kimi yazılır ki, bu da şagirdlərə dərsləri izah etməkdə çətinlik yaradır. Məsələn, tarix və ədəbiyyat dərsliklərində uzun, qarışıq cümlə quruluşu istifadə edilir ki, bu proses şagirdlərin dərsi anlamasını çətinləşdirir.


Şagirdlərə uzun məqalələr verilməkdənsə, konkret və tətbiqi nümunələr göstərilir

Qlobal təcrübələrə baxdıqda fərqli yanaşmalara rast gəlirik. Finlandiya təhsil sistemi dünya sıralamasında öndə gedənlərdəndir və bu sistemin başlıca üsulu aydın və sadə dərsliklərdən istifadədir. Şagirdlərə uzun məqalələr verilməkdənsə, konkret və tətbiqi nümunələr göstərilir. Yaponiyada da şagirdlərin fəal öyrənməsini dəstəkləyən interaktiv dərsliklər istifadə edilir. Bu sistemlərdə bəzən mətndən daha çox qrafik və vizual materiallar ön plana çıxarılır.


Dərsliklər sadə və aydın olarsa, təhsil keyfiyyəti də artacaq

Azərbaycanda dərslik islahatları aparılsa da, hələ də bir sıra problemlər qalmaqdadır. Yenidən dərslik təhlilləri aparılmalı, istifadə edilən dil sadələşdirilməli və praktik nümunələr gətirilməlidir. Şagirdlər üçün dərslik sadə və aydın olarsa, təhsil keyfiyyəti və şagirdlərin dərslərə marağı da xeyli artacaq.


Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et