Sosial fobiya insanlar tərəfindən mənfi şəkildə qiymətləndiriləcəyinizdən və ya izlənəcəyinizdən intensiv və davamlı bir qorxu yaşadığınız bir ruhi sağlamlıq vəziyyətidir.

Sosial fobiya yayılmış bir narahatlıq pozğunluğudur.
Əgər sosial narahatlıq pozğunluğundan əziyyət çəkirsinizsə, müəyyən və ya bütün sosial vəziyyətlərdə, məsələn, aşağıdakılarda narahatlıq və ya qorxu hissi yaşayırsınız:
• Yeni insanlarla tanış olmaq.
• İnsanlar qarşısında çıxış etmək.
• Telefonla danışmaq
•Restoran, mağaza və ya digər ictimai yerlərdə kömək istəmək.
• İnsanlar qarşısında sual cavablandırmaq.
• İnsanlar qarşısında yemək yemək.
• Müsahibə vermək.
Sosial narahatlıq kimlərə təsir edir?
Sosial narahatlıq pozğunluğu ümumiyyətlə hər kəsi təsir edə bilən bir ruhi sağlamlıq vəziyyətidir. Sosial narahatlıq pozğunluğu yaşayan insanların əksəriyyəti 20 yaşdan əvvəl simptomlar yaşayır. Qadınlar kişilərə nisbətən sosial narahatlıqdan daha çox əziyyət çəkirlər.
Sosial narahatlıq pozğunluğu nə qədər yayğındır?
Sosial narahatlıq pozğunluğu nadir bir vəziyyət deyil. Dünyada təxminən 5% -10% arasında insan sosial narahatlıq pozğunluğundan əziyyət çəkir. Bu, maddə istifadəsi pozğunluğu və depressiyadan sonra ən yaygın üçüncü ruhi sağlamlıq vəziyyətidir.
Sosial narahatlığın fərqli növləri varmı?
Sosial narahatlıq pozğunluğu olan bir insanın vəziyyətinin yüngül, orta və ya ağır forması ola bilər. Bəzi insanlar yalnız müəyyən bir vəziyyətdə, məsələn, başqalarının qarşısında yemək yemək və ya çıxış etmək zamanı sosial narahatlıq simptomları yaşayır, digərləri isə sosial əlaqələrin bir neçə və ya bütün növlərində simptomlar yaşayır. Ümumiyyətlə, sosial narahatlıq fərqli səviyyələrə bölünür:
1. Yüngül sosial narahatlıq:
Yüngül sosial narahatlıq yaşayan bir insan sosial narahatlığın fiziki və psixoloji simptomlarını hiss edə bilər, amma hələ də sosial vəziyyətlərdə iştirak edir və ya bu vəziyyətləri dözür. Onlar yalnız müəyyən sosial vəziyyətlərdə simptomlar yaşayırlar.
2. Orta sosial narahatlıq:
Orta sosial narahatlıq yaşayan bir insan sosial narahatlığın fiziki və psixoloji simptomlarını hiss edə bilər, amma bəzi sosial vəziyyətlərdə iştirak edir, digərlərindən isə qaçır.
3. Ağır sosial narahatlıq:
Ağır sosial narahatlıq yaşayan bir insan sosial vəziyyətlərdə daha intensiv simptomlar, məsələn, panik atak yaşaya bilər. Buna görə, ağır sosial narahatlıqdan əziyyət çəkən insanlar sosial vəziyyətlərdən hər hansı bir qiymətə qaçmağa meyllidirlər. Ağır sosial narahatlıq yaşayan bir insanın əksər və ya bütün sosial vəziyyətlərdə simptomları ola bilər.
Sosial narahatlıq və sosial fobiya arasındakı fərq nədir?
Sosial narahatlıq pozğunluğu ilə sosial fobiya arasında əhəmiyyətli bir fərq yoxdur. Sosial narahatlıq pozğunluğu əvvəllər sosial fobiya adlanırdı. 1994-cü ildən əvvəl sosial fobiya diaqnozu qoyulan bir insan yalnız insanlar qarşısında çıxış edərkən qorxu və narahatlıq hissi yaşardı. 1994-cü ildə Ruhi Pozğunluqların Diaqnostik və Statistik Bələdçisi (DSM) adını "sosial narahatlıq pozğunluğu" olaraq dəyişdi və diaqnoz üçün meyarları genişləndirdi. İndi bu, yalnız çıxış etmək deyil, sosial vəziyyətlərdə başqaları tərəfindən qiymətləndirilmə və ya izlənmə qorxusunu və narahatlığını da əhatə edir.
Sosial narahatlığı olan bir insana necə kömək etmək olar?
Sosial narahatlıq yaşayan bir insana kömək etmək və dəstək olmaq üçün bir neçə şey edə bilərsiniz, bunlar arasında:
• Sosial narahatlıq pozğunluğunu öyrənin:
Sosial narahatlıq pozğunluğu haqqında məlumatlanaraq onların yaşadıqları vəziyyəti daha yaxşı başa düşə bilərsiniz. Onların nə hiss etdiklərini bildiyinizi güman etməyin.
• Empatik olun:
Onların hisslərini və təcrübələrini kiçiltməyin və ya rədd etməyin. Onlara qulaq asmağa və dəstək olmağa hazır olduğunuzu bildirin. Özünüzü onların yerinə qoymağa çalışın.
• Onları kömək və ya müalicə almağa təşviq edin:
Anlayışlı və dəstəkləyici bir dost və ya ailə üzvü olmaq sosial narahatlıq yaşayan bir insan üçün faydalı olsa da, sosial narahatlıq pozğunluğu tibbi bir vəziyyətdir. Buna görə də, sosial narahatlıq pozğunluğu olan insanlar bu vəziyyəti müalicə və idarə etmək üçün bilişsel davranış terapiyası (CBT) və ya dərman müalicəsinə ehtiyac duyurlar. Onları sosial narahatlıq əlamətləri və simptomları yaşadıqları təqdirdə həkimləri ilə danışmağa təşviq edin.
• Səbirli olun:
Sosial narahatlıq pozğunluğu olan birinin müalicəyə başladıqdan sonra yaxşılaşması vaxt apara bilər. Bu uzun və mürəkkəb bir prosesdir, amma onların simptomları və davranışları nəhayət yaxşılaşacaq.
Mənbə: Cleveland Clinic
Tərcümə etd:i Arzu Qafarova
