Bu gün:

Plasebo və beyin: Gizli bağlantılar


Plasebo effekti nədir?


Plasebo “həqiqi” dərmana bənzəyir, lakin heç bir müalicəvi xüsusiyyətə malik deyil. Məsələn, xəstənin içində dərman olduğuna inandığı, əslində isə sadəcə şəkərli sudan ibarət olan bir həbin və ya iynənin nümunəsidir. Xəstə aktiv dərman tərkibi olmayan müalicələrdən təsir (istənilən və ya istənilməyən) gördüyünü hiss edir, bu da plasebo effekti kimi tanınır.

Daha maraqlısı odur ki, insanlar plasebo qəbul etdiklərini bildikləri halda belə plasebo effekti yaşaya bilərlər.

Plasebo effektinin real olduğu məlum olsa da, bir insanın plasebo effekti yaşadığı zaman beynində nə baş verdiyi həmişə tam aydın olmayıb.

Beyindəki dəyişikliklər


ABŞ və Almaniyadan olan bir qrup tədqiqatçı plasebo effektinin neyron əsaslarını araşdıraraq yeni məlumatlar təqdim edib.

Əvvəllər neyrotəsvir araşdırmaları iştirakçıların plasebolara qarşı bütün beyin reaksiyalarını izləyib. Yeni tədqiqat üçün isə tədqiqat qrupu 20 müstəqil araşdırmanı birləşdirib və təhlil edərək ümumi qanunauyğunluqların olub-olmadığını öyrənib.

Tədqiqatçılar həmçinin ağrılı təcrübələrin ilkin formalaşmasına kömək edən beynin bir hissəsi olan arxa insulada azalmış aktivlik müşahidə ediblər. Talamustan arxa insulaya gedən yol, ağrını necə qəbul etdiyimizi və anladığımızı müəyyən etməkdə mühüm rol oynayır.

Tədqiqatlarda plasebolar


Plasebolar tez-tez klinik tədqiqatlarda sınaqdan keçirilən dərmanın nəzərdə tutulan məqsədini nə dərəcədə yerinə yetirdiyini müəyyən etmək üçün istifadə olunur. Onun dəqiq necə istifadə edildiyini izah etmək üçün belə deyə bilərik:
Plasebo nəzarətli sınaq adətən 2 iştirakçı qrupunu əhatə edir. Birinci qrup sınaqdan keçirilən əsl dərman və ya müalicəni alır, ikinci qrup isə plasebo qəbul edir. Bu cür sınaqlar kor sınaq və əksər hallarda ikili kor sınaq şəklində aparılır. İkili kor sınaqda hətta tədqiqatçılar belə plasebonun verilib-verilmədiyini bilmirlər. Bütün bunlar potensial qərəzin qarşısını almaq üçündür.

Bir çox insanlar klinik sınaqlardan qorxur, çünki plasebo qəbul etməyin təhlükəli ola biləcəyinə inanır, xüsusilə xərçəng kimi ciddi xəstəliklərdə. Xəstənin baxımından bu narahatlıqlar başa düşüləndir, lakin son onilliklərdə klinik tədqiqatlar xeyli inkişaf edib.

Xəstənin təhlükəsizliyi çox işlənilən sahələrdən biridir. Klinik sınaqda plasebodan istifadə edib-etməmə qərarı xəstəliyin nə qədər ciddi olması, mövcud müalicənin olub-olmaması və yüksək etik standartları təmin edən digər amillərə əsaslanır.

Məsələn, əgər ciddi bir xəstəlik üçün eksperimental dərman sınaqdan keçirilirsə və artıq mövcud bir dərman varsa, adətən plasebo əvəzinə mövcud müalicə istifadə olunur. Yeni xərçəng müalicələrinə gəldikdə isə dərmanlar ən yaxşı dəstək müalicəsi standart müalicə variantı olduqda plasebo ilə müqayisə edilərək sınaqdan keçirilir.


Mənbə: FindMeCure, VeryWell Health


Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et