İdman insanların əylənmək, rəqabət aparmaq və fiziki sağlamlıqlarını qorumaq üçün ənənəvi olaraq məşğul olduqları fəaliyyətlərdən biridir. Lakin bəzi yarışlar var ki, onların mahiyyəti nəinki əyləncə və rəqabətdir, həm də təəccüb və gülüş doğurur. Dünyanın müxtəlif yerlərində yaranmış bu qeyri-adi idman növləri həm maraqlı tarixçələri, həm də özünəməxsus qaydaları ilə fərqlənir.
Adətən idman deyildikdə futbol, basketbol və ya üzgüçülük kimi ənənəvi növlər ağla gəlsə də, bəzi insanlar gündəlik məişət işlərini və ya uşaq oyunlarını ekstremal yarışlara çevirərək idman dünyasına tamamilə yeni bir məna qazandırıblar.
1. Bataqlıqda şnorkellə üzmə
Llanwrtyd Wells Uels sahilində yerləşən və qəribə idman tədbirləri ilə məşhur olan bir şəhərdir. Burada iştirakçılar iki velosipedə təkər arabası bağlayıb qədim Romalılar kimi geyinərək yarışırlar.
Hər avqust ayında "Dünya bataqlıqda şnorkellə üzmə çempionatı" bu şəhərdə baş tutur. Bu yarışda üzgüçülər torf bataqlığında su ilə dolu xəndəkdə yarışırlar. Şnorkel və üzgəc istifadə etməyə icazə verilir, lakin brass kimi ənənəvi üzmə üsulları qadağandır. Bu səbəbdən iştirakçılar 60 yard uzunluğundakı parkuru əsasən it üslubunda üzərək keçməlidirlər.
Bu isə onu düşündüyünüzdən daha fiziki olaraq çətin edir. Üstəlik, soyuq, palçıqlı suda demək olar ki, sıfır görünüşlə şnorkellə üzmək başgicəllənmə və hətta klaustrofobiya yarada bilər.
2. Taxta atla minmə
Bəzən heç gözlənilmədən ortaya çıxan bir idman növü böyük və gözlənilməz bir izləyici kütləsi qazanır. Məsələn, pickleball və ya F1 kimi. Və bəli, taxta atla minmə də onlardan biridir. Finlandiyada yaranan bu qeyri-adi idman növü son illərdə böyük populyarlıq qazanıb. Almaniya və Böyük Britaniyada iştirakçıların və təşkil olunan tədbirlərin sayı sürətlə artır. Taxta atla minmə yarışlarında iştirakçılar taxta çubuqlara bərkidilmiş at fiqurlarını minərək, idman zalında əsl at yarışlarına bənzər hərəkətləri və texnikaları, məsələn, dressur və maneədən tullanmanı təqlid edirlər. İlk baxışda bu idman növü gülməli görünə bilər, lakin məlumatlara görə, iştirakçılar mürəkkəb hərəkətləri yerinə yetirdikləri üçün bu, əslində xeyli atletizm, balans və yaradıcılıq tələb edir. Və əyləncəli xarakterinə baxmayaraq, taxta atla minmə həvəskarları tərəfindən olduqca ciddi qəbul edilir. Onlar öz taxta atlarını xüsusi olaraq hazırlayır, ad qoyur və səylə məşq edirlər.
3. Ekstremal ütüləmə
İndi isə tamamilə fərqli bir şeyə keçək. Ütüləməyin darıxdırıcı olduğunu düşünənlər üçün ekstremal ütüləmə bu məişət işinə macəralı bir toxunuş gətirir. Bu qeyri-adi idman növü paltarları təsəvvür edilə biləcək ən ekstremal və qəribə yerlərdə ütüləməyi əhatə edir. “Ütüçülər” adlandırılan iştirakçılar köynəkləri qayalıqlardan asılı vəziyyətdə, suyun altında, ağacların üstündə və hətta paraşütlə tullanarkən belə ütüləyiblər.
1997-ci ildə Böyük Britaniyada yaranan ekstremal ütüləmə təhlükə və məişət işlərinin qarışığını özündə cəmləşdirərək qlobal diqqət qazanıb. İştirakçılar ütü masalarını, ütülərini və paltarlarını dağ zirvələrindən çayların dərinliklərinə qədər müxtəlif məkanlara aparırlar. Məqsəd isə ən çətin mühitlərdə mükəmməl şəkildə ütülənmiş paltar əldə etməkdir.
Mənbə: EscapeArtist
Tərcümə etdi: Arzu Qafarova