Bu gün:

"İmtahan serialının finalı fərqli olmalı idi" - Vaqif Kərimov


"24media.az"ın budəfəki müsahibi aktyor, imtahan serialında "Fikrət" obrazını canlandıran Vaqif Kərimovdur. Onunla tədbirlərin birində təsadüfən rastlaşdıq, öncə hal-əhvalını soraqladıq. Vaqif Kərimov kefinin yaxşı olduğunu deyəndən sonra fürsətdən istifadə edib ona aktyor sənəti ilə bağlı bəzi suallarımızı ünvanladıq.


Aktyor sənətinə maraq, istedad və daha nələr

Vaqif Kərimov düşünür ki,  Azərbaycanda insanların aktyorluğa marağı var. Ancaq, onun fikrincə, aktyorluğa marağın olması bu sənət üçün  kifayət deyil. "Aktyor olmaq üçün anadangəlmə istedadın olmalıdır" deyən Kərimov vurğulayır ki, istedad da aktyorluqda bir yerə qədərdir. 

"Öz üzərində çalışmaq, oxumaq lazımdır. Biz artıq iyirmi birinci əsrdə yaşayırıq. Zaman keçdikcə teatrlarımızda yeni istiqamətlər yaranır, yeni terminlər meydana çıxır. Elə buna görə də, deyərdim ki, təkcə "Stanislavski" oxumaqla aktyor olmaq olmaz", - deyə o bildirir. 

Yüksək səviyyə

Bunun ardından Vaqif Kərimov aktyorların əməkhaqqı məsələsinə toxunur. Aktyorların əməkhaqqının orta səviyyəyə çatdığını deyən sənətkar "aktyorlar orta səviyyə yox, daha yüksək səviyyəyə layiqdirlər" deyir.

"Onlar seçilmiş insanlardır, seçilmiş insanlara xüsusi diqqət yetirmək lazımdır", - deyə o söyləyir.

Böyüklərdən öyrənmək

Müsahibimiz onu da qeyd edir ki, hazırda Azərbaycanın çox istedadlı gənc aktyor və aktrisaları var. 

"Aktyorluq sənətinin incəliklərini öyrənmək üçün universitet kifayət deyil. Gərəkdir ki, istedadlı gənclərimiz yaşlı nəsil aktyorlarımızın biliklərindən faydalanmaqla yanaşı, daim inkişafa meyil etsinlər", - o deyir.

İmtahan

Ardından Vaqif Kərimov "Fikrət" müəllim rolunu canlandırdığı "İmtahan" serialı haqda düşüncələrini də bizimlə bölüşür.

"İmtahan serialı Azərbaycanda yeni bir mövzu idi. Serialın məzmunu həm də maarifləndirici xarakter daşıyırdı. Mən serialın finalının belə olmasını istəyirdim ki, uşaqlar universitetdən məzun olduqdan sonra hərəsi ailə qurur və öz yollarını seçirlər. Daha sonra, aradan 15-20 il keçir və onlar yenidən bir araya gəlirlər. Və görürük ki, hər biri fərqli yerlərdə fəaliyyət göstərirlər", - deyə sənətkar düşüncələrini dilə gətirir.

Xatirələr...

Müsahibimiz indiyə qədər yaradıcıllığında başına gəlmiş unudulmaz xatirəsindən danışmasını istədiyimizdə söyləyir: 

"Əlbəttə ki, unudulmaz anlar çox olub və səhnə arxasında baş verib. Səhnə arxası teatrın "mətbəx"i olduğu üçün "mətbəx"in sirrini açıb tökmək düzgün olmaz. Teatr kollektivi özü də bir ailədir. Ailədə nə baş verirsə, elə ailədə qalmalıdır". 

O, Azərbaycanda aktyor sənəti üçün yenilik etmək istədiyindən danışıb. O deyir ki, dünyanın əksər yerlərində ailə teatrları var və Vaqif Kərimov da Azərbaycanda ailə teatrını yaratmaq istədiyini açıqlayıb:

"Ailə teatrı çox maraqlı bir teatrdır. Hazırda çalışırıq ki, bu teatrın açılmasına nail olaq. Demirəm ki, 50 nəfər, lap elə 5-10 nəfər olsun, amma tamaşaya gəlib baxsınlar", - deyə aktyor bildirir. 

24media.az xatırladır ki, əməkdar artist Vaqif  Kərimov 1951-ci ildə Qaxın Almalı kəndində doğulub. O, "Hücum", "Ağ qan", "Dolu", "Döngələr", "Alınmaz qalanın qəhrəmanları", "Tək olanda qorxma", "Bəla", "Son nəfəsədək" kimi layihələrdə də iştirak edib.

Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et