24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı təhsil eksperti Elçin Süleymanovdur. O, müəllimlər üçün nəzərdə tutulan təhsil kartlarının üstünlük və əhəmiyyətlərindən danışıb.
-Bildiyimiz kimi, müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartlarının ölkəyə gətiriləcəyi gözlənilir. Sizin fikrinizcə, bu güzəşt kartlarının nə kimi üstünlükləri olacaq?
-Tələbələr və müəllimlər üçün güzəştli kartlar dünya praktikasında geniş tətbiq olunur. Bu kartlar əsasən muzey, kitabxana, teatr kimi mədəniyyət müəssisələrində və ictimai nəqliyyatda müəyyən endirimlər təqdim edir. Müstəqilliyin ilk illərində təhsil işçiləri üçün ödənişsiz nəqliyyat kartları tətbiq olunurdu. O dövrdə nəqliyyat vasitələri dövlətə məxsus idi və bu güzəştlər əsasən müəllimləri əhatə edirdi. Lakin bu praktika nəqliyyat infrastrukturunun inkişafını ləngidirdi. Güzəştlərin ləğvindən sonra nəqliyyat sistemi müasirləşdirildi, özəl şirkətlər prosesə daxil oldu və daha sistemli bir idarəetmə quruldu.
Hazırda isə güzəştlərin çox geniş kateqoriyalara tətbiq edilməsi müəyyən problemlər yarada bilər. Çünki pensiyaçılar, uşaqlar, polis əməkdaşları, hərbçilər və müəllimlər bu kateqoriyaya daxildir. Hazırda polis əməkdaşları nəqliyyatda müəyyən güzəştlərdən istifadə edirlər. Lakin tamamilə ödənişsiz istifadə əvəzinə, müəyyən endirimlərin tətbiqi daha məqsədəuyğun ola bilər. Məsələn, Avropa ölkələri və Türkiyədə müəllim və tələbələr xüsusi kart təqdim edərək standart ödənişin müəyyən faizini endirimlə ödəyirlər. Bunun üçün Tarif Şurası yeni tarifləri müəyyən etməli və güzəştli kateqoriyaları dəqiq şəkildə təsnif etməlidir. Məsələn, kart vasitəsilə sürücüyə təqdim edilərək güzəştli ödəniş sistemi tətbiq oluna bilər.
Türkiyədə müəllimlər və tələbələr bu kartlarla muzeylərə endirimli giriş imkanı əldə edir və təhsil işçilərinə aid sanatoriyalardan faydalana bilirlər. Bu kimi kartların beynəlxalq səviyyədə də tətbiqi məqsədəuyğundur. Yəni, bu kartlar yalnız yerli deyil, həm də qlobal miqyasda müəllim və tələbələr üçün güzəşt imkanları təqdim edə bilər. Bu təşəbbüs təqdirəlayiqdir və güzəşt sferası daha da genişləndirilməlidir ki, müəllimlər bu kartların faydasını hiss edə bilsinlər.
Günay Məmmədova
