Bu gün:

“Mavi Bazar Ertəsi” : elmi əsaslar və marketinq hiyləsi


Milad bitdikdən sonra çöldə soyuq və qaranlıq hava, həyatın sonsuz fəlakət dövründə olduğumuz hissini yarada bilər. Bunun fonunda, ilin ən depressiv günü hesab olunan “Mavi Bazar Ertəsi” konsepti sosial mediada geniş müzakirə olunub. Lakin maraqlıdır ki, bu anlayışın elmi bir əsası yoxdur.

“Mavi Bazar Ertəsi” ifadəsi 2004-cü ildə psixoloq Cliff Arnall tərəfindən irəli sürülüb. Bu gün hər il yanvarın üçüncü bazar ertəsi ilə əlaqələndirilir. Cliff Arnall bu konsepti bir tətil şirkətinin yanvar ayının ümumi depressiv ruh halını təsvir edən “elmi düstur” tələb etməsindən sonra formalaşdırıb. Bununla belə, illər ərzində bu fikir çoxsaylı mütəxəssislər tərəfindən tənqid olunub.

Kentdən olan Sofi Edvardsın hekayəsi bu məsələnin fərqli bir aspektini ortaya qoyur. 27 yaşlı Sofi yeddi yaşından bəri panik atak və narahatlıqla mübarizə aparır. O hesab edir ki, ilin ən kədərli günü kimi bir günün təyin olunması psixi sağlamlıq problemləri ilə mübarizə aparan insanlar üçün zərərli ola bilər.

Sofi BBC Newsbeat-a belə deyib:

“Mavi Bazar Ertəsi tamamilə uydurulmuş bir marketinq hiyləsidir. Adi bir günə sadəcə bir etiket əlavə olunub. Lakin bunun ‘ilin ən depressiv günü’ kimi təqdim edilməsi artıq ruhi xəstəliklə mübarizə aparan insanlar üçün qorxulu təsir yarada bilər. Biz hamımızın yaxşı və pis günlərimiz var və bu, təsadüfi bir gündə uydurulan adla heç bir əlaqəyə malik deyil.”

Sofi qeyd edir ki, bu cür etiketlərdən narahat olmaqdansa, o gün pozitiv nələrsə etməyə çalışır. Dostlarla görüşmək və sadəcə necə olduğunu yoxlamaq onun üçün daha sağlam bir yanaşmadır.

Derbi Universitetinin psixologiya üzrə müəllimi Dr. Philip Clarke də bu yanaşmanı dəstəkləyir. O, bildirir ki, şirkətlərin “Mavi Bazar Ertəsi” kimi anlayışları satış məqsədi ilə istifadə etməsi narahatlıq doğurur:

“Yanvar ayında insanların ruh düşkünlüyü hiss etməsi başa düşüləndir – Miladdan sonra əyləncə bitir, hava daha qaranlıqdır. Amma xatırlamaq lazımdır ki, Mavi Bazar Ertəsi elmi olaraq sübut edilməyib. Buna baxmayaraq, bu gün depressiya və narahatlıq mövzusunda çətin söhbətlərin aparılmasına imkan yarada bilər.”

Psixi sağlamlıq xeyriyyə təşkilatları bu günü müsbət bir istiqamətə yönəltməyi təklif edirlər. Məsələn, Samaritans xeyriyyə təşkilatı “Mavi Bazar Ertəsi”ni “Brew Bazar Ertəsi”nə çevirməyi təşviq edir. Onlar insanları ailə və dostları ilə bir fincan çay üzərində virtual görüşməyə dəvət edir. Bu, həm onlayn, həm də oflayn olaraq dəstək şəbəkəsinin əhəmiyyətini vurğulayır.

Beləliklə, Mavi Bazar Ertəsi kimi günlərdə diqqətimizi marketinq hiylələrindən uzaq tutaraq, bir-birimizlə ünsiyyət qurmağa və dəstəkləyici mühit yaratmağa yönəltməyimiz daha faydalı ola bilər.


Tərcümə etdi :Qüdrət Məmmədova 

Mənbə :BBC

Paylaş
Şərh əlavə et