Səhra dedikdə insanların çoxunun ağlına isti yerlər gəlsə də, Antarktidaya düşən yağıntı miqdarının az olması səbəbindən texniki baxımdan dünyanın ən böyük səhrası hesab olunur.
Bu, çoxları üçün təəccüblü ola bilər, çünki “səhra” dedikdə ağlımıza adətən qumla örtülmüş, isti və quru yerlər gəlir. Bir bölgənin səhra sayılması üçün lazım olan əsas xüsusiyyət yağış miqdarının az olmasıdır. Antarktida həddindən artıq soyuq olmaqla yanaşı, demək olar ki, heç bir yağıntı almır. Deməli, bura qum əvəzinə buzla örtülsə də, texniki cəhətdən səhradır.
Antarktidanın bəzi bölgələrində ildə cəmi 50 mm yağıntı yağır. Bu miqdar hətta məşhur isti səhralardan olan Sahara səhrasından da azdır. Saharanın bəzi hissələrinə ildə 100 mm yağıntı düşdüyü halda, Antarktidanın əksər hissəsində bundan daha az yağıntı olur.
Səhranın əsas xüsusiyyəti onun quru olmasıdır. Antarktidada qar və buz demək olar ki, heç vaxt ərimir. Buna görə də nəmli görünsə də, yerin səthi, əslində, inanılmaz dərəcədə qurudur. Dünyanın ən quraq yerlərindən biri olan quru dərələr bu qitədə yerləşir.
Əksər səhralar ölümcül istidir, lakin səhranın tərifi temperaturla bağlı deyil. Dünyada soyuq səhralar da var və onların ən böyüyü Antarktidadır. Dünyanın ən soyuq temperaturu -89,2°C burada ölçülüb. Bu, Antarktidanın soyuq səhra olduğunu sübut edir.
Mənbə:Buzfeed
Tərcümə etdi: Mina Yadigarlı
