Bu gün:

Birləşmiş Millətlər Təşkilatının tarixi


Birinci və İkinci Dünya Müharibələrinin yaratdığı dağıntılar bir çox insanları sülhü qorumağa həsr olunan beynəlxalq bir təşkilatın qurulmasını arzulamağa vadar edib. Bu arzu o qədər böyük idi ki, 1919-cu ilin yanvarında Paris Sülh Konfransı çağırıldıqdan qısa müddət sonra Millətlər Cəmiyyətinin Nizamnaməsi qəbul edilib.

İkinci Dünya Müharibəsi 1939-cu ilin sentyabrında başlayıb. 1941-ci ilin iyununa qədər demək olar ki, bütün Avropa Ox güclərinin əlinə keçmişdir.

1941-ci il iyunun 12-də müxtəlif müttəfiq dövlətlərin nümayəndələri Londonda Müqəddəs Ceyms Sarayı Bəyannaməsini imzalamaq üçün bir masa ətrafında yığıncaq ediblər. Bu bəyannamə təcavüzlə mübarizədə həmrəylik öhdəliyi idi. O, “davamlı sülhün yeganə həqiqi təməli, təcavüz təhlükəsindən xilas olmuş, iqtisadi və sosial təhlükəsizlikdən hamının yararlana biləcəyi bir dünyada, azad xalqların könüllü əməkdaşlığıdır” fikrini bəyan edib.

1942-ci il yanvarın 1-də Çörçill, Ruzvelt, SSRİ-dən Maksim Litvinov və Çindən T.V. Sunq qısa bir sənəd imzalayıblar. Bu sənəd sonralar "Birləşmiş Millətlər Bəyannaməsi" adı ilə tanınıb. Ertəsi gün daha 22 ölkənin nümayəndələri öz imzalarını əlavə ediblər.

Bu bəyannaməni imzalayan hökumətlər Atlantik xartiyasını qəbul etməyə söz veriblər. Onlar, həmçinin Ox güclərindən heç biri ilə ayrıca sülh danışıqları aparmamağa razılaşıblar.

"Birləşmiş Millətlər Bəyannaməsi"nin ilkin 26 imzaçısı dünya tarixində mühüm bir addım atıb.
1945-ci il iyunun 25-də nümayəndələr konfransın son tam iclası üçün San-Fransisko Opera evində toplaşıblar. Məhz burada nümayəndələr yekdilliklə BMT nizamnaməsini qəbul ediblər. Ertəsi gün, Veteranlar Memorial zalının auditoriyasında nümayəndələr BMT nizamnaməsini imzalayıblar. Ox güclərinin təcavüzünün ilk qurbanı olan Çinə birinci imzalamaq şərəfi verilib.

Lakin BMT nizamnamənin imzalanması ilə rəsmi şəkildə fəaliyyətə başlamayıb. Bir çox ölkələrdə BMT nizamnaməsi hökumətlər tərəfindən təsdiq edilməli idi. Buna görə də qərar alındı ki, BMT nizamnaməsi, “Böyük Beşlik” ölkələrinin və digər imzaçı dövlətlərin əksəriyyətinin hökumətləri tərəfindən ratifikasiya edildikdə qüvvəyə minəcək.

1945-ci il oktyabrın 24-də bu şərt yerinə yetirilib və BMT rəsmi olaraq fəaliyyətə başlayıb. Dörd illik planlaşdırma və uzun illərin ümidi müharibələri bitirmək, sülh, ədalət və bütün bəşəriyyət üçün daha yaxşı həyat şərtlərini təşviq etmək məqsədi daşıyan beynəlxalq təşkilata çevrilib.

Mənbə: History of the United Nations 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et