24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı ilahiyyatçı Ağa Hacıbəylidir. O, Azərbaycandakı məscidlərin sayı haqqında danışıb.
-Azərbaycandakı məscidlərin sayı sizi qane edirmi?
Müstəqillik dövründən sonra ölkəmizdə xeyli sayda məscid inşa edilib və istifadəyə verilib. Hazırda bəzi məscidlərimiz mövcud olsa da, öz mənəvi vəzifələrini yerinə yetirə bilmirlər. Məscidlər olsa da, məscidlər üçün kadr çatışmazlığı müşahidə olunur. Say baxımına gəlincə bəzi bölgələrimizdə məscid var, ancaq bəzi bölgələrimizdə hələ də məscidlər tikilməyib və məscidlərə ehtiyac var. Məscidlər bizim islam dünyamızda çox özəl yerə sahibdir. Sevgili Peygəmbərimiz Hz.Məhəmməd (s.a.v) 622 ci ildə Məkkədən Mədinəyə köç etdiyi zaman ilk olaraq Mədinədə Quba məscidini inşa etdirir. Peyğəmbərimiz İslam cəmiyyətini qurarkən, qurduğu ən önəmli müqəddəs yurdlardan biri məscid olub. Məscid İslam dünyasının birliyini, bərabərliyini təmin edən Allahın evlərindən olan bir evdir. Məscid olan yerdə rəhmət olar, bərəkət olar, mənəvi tərbiyə olar, insalarımız ora paklanmaya gedir. Bu baxımdan arzumuz bu olardı ki, Azərbaycanın dörd bir tərəfində, xüsusilə, Qarabağ bölgələrində məscidlərimiz olsun. Arzu edirəm ki, elə bölgəmiz qalmasın ki, orada müsəlman yaşasın, əzanı eşitməsin. Arzumuz budur ki, bölgələrimizdə yaşayan müsəlmanlarımız dəfələrlə "Allahu Əkbər" sədalarını eşitsinlər. O zaman biləcəyik ki, Azərbaycanın bütün bölgələrində yetərincə məscid var. Həmçinin arzu edirəm ki, Azərbaycan xalqı dəyərlərinə sonuna qədər sahib olsun. Gənc nəsil həyatını elm, irfan mərkəzlərində və məscidlərdə keçirsinlər.
Amin Həsənli