
1996-cı ildə NASA-nın Hubble teleskopu təxminən 8,000 işıq ili uzaqlıqda yerləşən gənc Planetar dumanlığın saat şüşəsi formasını aşkar etdi. Yerüstü teleskopların çəkdiyi əvvəlki görüntülərdə dumanlıq sadəcə böyük xarici halqalar və kiçik mərkəzi bir halqa kimi görünürdü. Ancaq Hubble-ın çəkdiyi şəkillər sayəsində bu dumanlığın yeni və daha incə detalları aşkar edilib.
Planetar dumanlıqlar Günəşə bənzər ulduzların ömrünün son mərhələsində formalaşır. Bu zaman ulduz sıx və isti ağ cırtdan formasına çevrilir, eyni zamanda xarici təbəqələrini ataraq qaz və toz buludunu, yəni Planetar dumanlığını əmələ gətirir. Bu fenomen adi olsa da, bu dumanlığın “göz” ulduzu fərqli bir xüsusiyyətə malikdir: o, dumanlığın mərkəzində deyil, bir qədər kənardadır.
Hubble-ın müşahidələri nəticəsində mərkəzi bölgədə bir-biri ilə kəsişən eliptik halqalar aşkar edilib. Bu halqalar saat şüşəsinin kiçik versiyasını xatırladır. Bundan əlavə, dumanlıq təbəqəsində mürəkkəb qövsşəkilli təsvirlər müşahidə olunub. Alimlər bu təsvirlərin ulduzun daha gənc vaxtlarında atılmış qabıqların qalıqları ola biləcəyini düşünürlər.
Şəkil Hubble-ın Geniş Sahə və Planetar Kamera 2 tərəfindən ionlaşmış azot (qırmızı), hidrogen (yaşıl) və ikiqat ionlaşmış oksigenin (mavi) işığında çəkilmiş üç fərqli görüntüdən ibarətdir.

Şəkil təsviri: Firuzəyi mavi rəngli gözə bənzəyən dumanlıq qırmızı-narıncı saat şüşəsi formasının mərkəzində yerləşir. Bu forma yana çevrilmiş Venn diaqramını xatırladır və daxilində qövsşəkilli təsvirlər mövcuddur.
Hazırladı: Zeynəb Yunuszadə
