Arxeoloqlar ABŞ-ın casus peyklərinin gizli təsvirləri ilə tarixi sübutları müqayisə edərək indiki İraq ərazisində qədim döyüş yerini müəyyən ediblər.
Durham Universitetinin mütəxəssisi Uilyam Deadman CNN-ə bildirib ki, kəşf Yaxın Şərqdəki arxeoloji ərazilərin xəritələşdirilməsinə yönəlmiş daha geniş layihənin bir hissəsidir. Komanda, ilkin olaraq, 1970-ci illərin peyk casus görüntülərindən və tarixi mətnlərdən istifadə edərək, İraqın Kufəsindən Səudiyyə Ərəbistanının Məkkəsinə Darb Zubaydah ziyarət yolunun xəritəsini tərtib edib, o zaman məşhur döyüşlərin yerini müəyyən etmək üçün eyni məlumatlardan istifadə edə biləcəklərini anlayıblar.
"Mən düşündüm ki, bu, onu tapmaq üçün yaxşı şansdır",- deyib Deadman.
İlk addım olaraq, o, peyk görüntülərində onların kəsişdiyi ərazilərə daha yaxından nəzər salmadan əvvəl tarixi qeydlərdə verilən məsafələrdən istifadə edərək bir sıra dairələrin xəritəsini çəkib. Deadman CNN-ə bildirib ki, hesabatlarda qala və qoşa divarın qeyd edildiyini görüb və öz gözlərinə inana bilməyib.
Komanda təxmin edib ki, döyüş Kufədən təxminən 30 kilometr cənubda Nəcəf əyalətində baş verib və Deadmanın təhlili İraqda tədqiqatçılar tərəfindən aparılan sahə işləri ilə dəstəklənir.
Ekspert əlavə edib ki, indi bu ərazi kənd təsərrüfatı sahəsidir, 9,7 kilometrlik divarın çox hissəsi dağıdılıb və ya kənd təsərrüfatı sərhədlərinə daxil edilib.
CNN xatırladır ki, Əl-Qadisiyyə döyüşündə kiçik ərəb-müsəlman ordusu bölgədə hökmranlıq edən Sasani İmperiyasının daha böyük qüvvələrini məğlub edib. Deadman bir neçə uğursuz cəhddən sonra bu onların Ərəbistandan kənara çıxmaq cəhdində "ilk əhəmiyyətli qələbəsi və tarixin dönüş nöqtəsi” olduğunu söyləyib.
Mənbə: CNN
Tərcümə etdi: Səid Quliyev
