Suriyada bir məzarda aparılan qazıntılar zamanı dünyanın məlum olan ən qədim əlifba yazısının tapılmış ola biləcəyi iddia edilib. Con Hopkins Universitetinin tədqiqatçıları eramızdan əvvəl 2400-cü ilə aid gil silindrlər üzərində kəşf edilən bu yazının digər məlum əlifba sistemlərindən təxminən 500 il daha qədim olduğunu izah edib.
Amerika Xarici Tədqiqatlar Assosiasiyasının illik toplantısında elan ediləcək tapıntı əlifbanın mənşəyi və inkişafı ilə bağlı mövcud bilikləri sarsıda bilər.
Qazıntı qrupuna rəhbərlik edən arxeoloq Dr. Glenn Schwartz deyib: “Əlifba ilə yazı insanların düşüncə və ünsiyyət tərzini dəyişdi. Bu kəşf göstərir ki, bu inqilab bizim düşündüyümüzdən xeyli əvvəl və fərqli bir yerdə başlayıb”.
Qazıntılar Suriyanın qərbində yerləşən qədim Tell Umm-el Marra şəhərində aparılıb. Buradakı qəbirdən əlifba sırası ilə həkk olunmuş dörd gil silindr, qızıl və gümüş zinət əşyaları aşkar edilib.
Əvvəllər əlifbanın Misirdə və ya onun ətrafında eramızdan əvvəl 1900-cü illərdə yarandığı düşünülüb. Ancaq yeni tapıntılar əlifbanın mənşəyinin bu tarixdən 500 il daha qədim ola biləcəyini və onun başqa bir coğrafiyada doğulduğunu göstərir.
Tədqiqatçılar bildirirlər ki, karbon tarixləşdirmə üsulları ilə təsdiqlənən bu kəşf bəşər tarixində yazılı ünsiyyətin təkamülü ilə bağlı mühüm dəlillər verir.
Mənbə: NTV
Tərcümə etdi: Səma İsmayılova
