Qiymətli daşlar müxtəlif minerallar, süxurlar və üzvi materiallardan ibarətdir. Dünyanın ən nadir və qiymətli daşlarından bəziləri elə kristallardır ki, biz onları şəxsi həyatda görmə ehtimalına malik deyilik. Bu daşlar muzeylər və kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir. Digər nadir və qiymətli daşlar isə kifayət qədər maliyyə ilə əldə edilə bilər.

Həmin daşlardan bəziləri bunlardır:
1. Tanzanit
Əksər qiymətli daşlardan fərqli olaraq, bu yeni kəşf edilmiş daş yalnız Şimali Tanzaniyada tapılıb. Onun ilk nüsxəsini 1967-ci ildə Masai tayfasının üzvü Ali Juyavatu aşkar edib. Tanzanit zoisitin mavi rəngli qiymətli daş növüdür və dekabr ayının rəsmi doğum daşıdır. Mütəxəssislər tanzanit təchizatının növbəti 20-30 il ərzində tükənəcəyini proqnozlaşdırır, bu da o deməkdir ki, tanzanit almazdan daha dəyərli olacaq.
2. Demantoid almazı
Demantoid andradit garnetinin möhtəşəm yaşıl rəngli növüdür və 1800-cü illərin ortalarında Rusiyada kəşf edilib. Digər isti tonlu garnet növləri adi və ucuz sayılarkən, demantoid garneti bu qiymətli daş ailəsindən ən nadir və ən qiymətlisidir. Bu daşın iki karatdan böyük olanını tapmaq çətin olar, çünki əksər kristallar kiçik ölçülüdür. Onun yaxşı tərəflərindən biri, bazarda olan bir çox qiymətli daşlardan fərqli olaraq, nadir hallarda emal edilməsidir.
3. Musgravit daşı
Musgravit 1967-ci ildə kəşf edilib və dünya üzrə ən nadir qiymətli daşlardan biri hesab olunur. İlk dəfə Avstraliyanın Musgrave Range bölgəsində tapılıb, daha sonra Madagaskar və Qrenlandiyada da aşkar edilib. İlk iri ölçülü daş keyfiyyətli musgravit 1993-cü ildə tapılıb.
Təəssüf ki, bu daşın nadir olması səbəbindən istehlakçıların bazarda musgravit ilə qarşılaşması çox az ehtimal olunur.
Mənbə: The Supruce Crafts
Tərcümə etdi: Arzu Qafarova
