
Braziliyada tapılan fosil, müasir quşların beyinlərinin necə təkamül etdiyi haqqında bildiyimiz hər şeyi yeniləyə bilər. Kembric Universiteti və Los-Anceles Təbiət Tarixi Muzeyinin rəhbərlik etdiyi araşdırmada elm adamları bir sığırğanın böyüklüyünə yaxın bir quş qalığı araşdırdılar. Tədqiq olunan fosil dinozavrların da yaşadığı Mezozoy dövrünə aiddir. Elm adamları qalıqdan quşun beyin quruluşunu rəqəmsal şəkildə yenidən dizayn etməyi bacarıb və bugünkü quş beyninin təkamül tarixi araşdırılıb.
Araşdırma aparan qrupdan Dr. Guillermo Navalon fosilin kəllə hissəsinin demək olar ki, toxunulmaz şəkildə qorunduğuna diqqət çəkir. Navalon heyran olduğunu söylədiyi fosilin araşdırılmasının günümüz quşlarının anatomiyasını başa düşməyimizə kömək edəcəyini qeyd edib. Navaornis adlanan quş təxminən 80 milyon il əvvəl indiki Braziliyanın sərhədləri daxilində yaşayıb.
Məlumdur ki, bütün uça bilməyən dinozavrlar bu dövrdən dərhal sonra yer üzündən yoxa çıxıblar. Quşların beyninin təkamül yolu ilə necə inkişaf etdiyinə dair məlumat 70 milyon illik bir boşluğu ehtiva edir.
150 milyon il əvvəl yaşamış və ilk quş növü olduğu düşünülən Arxeopteriks ilə günümüzün quşları arasındakı əlaqələr hələ də sirr olaraq qalır. Navaornisin beyninin Arxeopteriksdən daha böyük beyinə (sinir sistemi bölməsi) malik olduğu müəyyən edilmişdir. Buna görə də onun idrak qabiliyyətinin daha yüksək olduğu təxmin edilir.
Amma indiki quşlarla müqayisədə onun beyninin bir çox hissələri daha az inkişaf etmiş görünür. Yəni Navaornisin uçmasını təmin edən mexanizmlər indiki quşlardan daha zəif idi.
Dr. Navalon deyir: "İtkin parçanın zəncirə mükəmməl uyğunlaşdığı nümunələrdən birini yaşayırıq. Ona görə də onu ilk görəndə heyrətləndim". Kembric Universitetindən Prof. Daniel Field də tədqiqatın qabaqcıllarından biridir.
Field qeyd edir ki, indiki qarğalar və ya tutuquşular çox inkişaf etmiş idrak qabiliyyətlərinə malikdirlər. Elm adamlarının bu quşların beyinlərinin necə bu qədər inkişaf etdiyini anlamaqda çətinlik çəkdiklərini bildirir və belə davam edir: "Tədqiqatçılar məhz belə bir fosilin tapılmasını gözləyirdilər. O, tək bir fosil ola bilər, amma şübhəsiz ki, quş beyninin təkamülündə tapmacanın çatışmayan parçasıdır." Dr. Luis Chiappe qeyd edir ki, bu yeni tapıntı dinozavrların üzərində uçan bəzi quşların 80 milyon il əvvəl bugünkü kəllə həndəsəsinə malik olduğunu ortaya qoyur.
Mənbə:NTV
Tərcümə etdi:Səma İsmayılova
