24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi təhsil eksperti Rizvan Fikrətoğludur. O, düzgün repetitor seçimi haqqında danışıb.
Valideynlər övladlarını yaxşı nəticə əldə etmələri üçün məktəblə yanaşı, əlavə hazırlıqlara da qoyurlar. Repetitorların fəaliyyətini necə dəyərləndirirsiniz?
-Zamanın tələbi və dəb deyilən bir şey var. Sanki günümüzdə repetitorluq da daha çox dəbdədir. Yəni filankəsin uşağı repetitor yanına gedirsə, mənim də uşağım getməlidir. Bu gün insanlar repetitora fövqəlbəşər bir adam kimi baxırlar. Sanki repetitor olmasa, övladları yüksək nəticə əldə edə bilməyəcəklərmiş kimi düşünürlər.
Repetitorluq bu gün çox faciəvi bir həddə çatıb. MİQ imtahanında müəyyən bal toplaya bilməyən, universitetə təzə qəbul olan, ixtisası müəllim olmayan, pedoqoji bacarıqlardan kənar olan şəxslər hamısı repetitor olur. Ölkədə çoxlu repetitor var. Axtarıb araşdırsaq, görərik ki, onların çoxu orta məktəbdə heç uğur qazanmayıb, ya da başqa sahənin adamlarıdır. Hazırda, həqiqətən, yaxşı repetitor tapmaq çox çətindir. Valideynlər yaxşı repetitor tapmaq üçün ətrafında olan şəxslərə müraciət etməli, maraqlanmalı olurlar. Əslində, bu yaxşı bir metoddur. Çünki yaxşı repetitor həmişə özünü nəticələri ilə göstərə bilir. Onların ən yaxşı reklamı şagirdlərinin uğurudur.
Ümumilikdə, repetitor sahəsində işləyən insan sayı çoxdur. Çox insan bu sahədə işləməyə can atır. Çünki burada yüksək qazanc məbləğləri var. Asan və daha tez pul qazanmaq üçün hər insan repetitorluğa üstünlük verir.
Türkanə Meşədiyeva