Bu gün:

Çin maqnatı Quo ABŞ-da 1 milyard dollardan çox dələduzluqla mühakimə olunub


Sürgündə olan çinli iş adamı Quo Vengui ABŞ məhkəməsi tərəfindən internetdəki izləyicilərini milyard dollarlıq fırıldaqla aldatmaqda təqsirli bilinib.

O, reketçilik, dələduzluq və çirkli pulların yuyulması da daxil olmaqla, üzləşdiyi 12 cinayətdən doqquzu üzrə təqsirli bilinib.

Quonun hökmü noyabrın 19-na təyin edilib, o zaman o, on illərlə dəmir barmaqlıqlar arxasında yaşaya bilər. O, 2023-cü ilin martında həbs olunduqdan sonra həbsdədir.

O, Çin Kommunist Partiyasının tənqidçisidir və keçmiş prezident Donald Tramp dövründə Ağ Evin keçmiş baş strateqi Stiven Bannonla tərəfdaş olub.

Quo, Miles Quo, Miles Kwok və "Brother Seven" daxil olmaqla bir neçə ləqəblə keçir. O, 2023-cü ildə ittiham olunanda Ho Van Kvok adlandırılıb.

Prokurorlar, Quonun 2018-2023-cü illər arasında investisiya və kriptovalyuta sxemlərində ona qoşulan onlayn izləyicilərindən 1 milyard dollardan (770 milyon funt sterlinq) çox pul topladığını söylədi.

Onun topladığı pul Quonun 50.000 kvadrat metrlik malikanə, 1 milyon dollarlıq Lamborghini markalı avtomobil və 37 milyon dollarlıq yaxta daxil olmaqla dəbdəbəli həyat tərzini maliyyələşdirmək üçün istifadə edilib.

Mənbə: bbc.com

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et