Bu gün:

Kosmik səyahətdə inqilab: iki ayda Marsa səyahət


NASA insanları Marsa göndərmək üçün ən böyük maneələrdən biri olan səyahət vaxtını həll edə biləcək yeni raket sisteminə 725 min dollar sərmayə qoyub. Bu sistem tətbiq edildikdən sonra Marsa səyahət iki aya qədər azaldıla bilər.

Mövcud texnologiya ilə qırmızı planetə gediş-gəliş təxminən iki il çəkir.

Astronavtlar üçün kosmosda bu qədər vaxt keçirmək sağlamlıq üçün böyük risklər yaradır. Çünki astronavtlar yüksək səviyyədə günəş və kosmik radiasiyaya, sıfır cazibə qüvvəsinin zərərli təsirlərinə və uzun müddətli izolyasiyaya məruz qalmalı olurlar.

Kosmik radiasiya kosmosun tədqiqi üçün ən böyük təhlükədir.

NASA-nın məlumatına görə, kosmosda cəmi altı ay keçirən astronavtlar, döş qəfəsinin min dəfə rentgen şüasına məruz qalan biri ilə eyni miqdarda radiasiyaya məruz qalırlar.

Bu, onları xərçəng, sinir sisteminin zədələnməsi, sümük əriməsi və ürək xəstəlikləri riski ilə üz-üzə qoyur.

Howe Industries-in prezidenti Troy Howe Business Insider-ə bildirib ki, radiasiyaya məruz qalma və digər zərərli sağlamlıq təsirlərini azaltmağın ən yaxşı yolu səyahət vaxtını azaltmaqdır.

Buna görə də o, Marsa gediş-gəlişi iki aya qədər azalda biləcək yeni raket sistemi olan Pulsed Plasma Rocket (PPR) yaratmaq üçün NASA ilə əməkdaşlıq edib.

NASA açıqlamasında bildirib ki, bu texnologiya "kosmosun tədqiqində inqilab etmək potensialına malikdir" və bir gün insanları Marsdan da uzağa apara bilər.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et