Bu gün:

Qiymət artımı ilə paralel, əmək haqları da artmalıdır-sosioloq rəyi


Azərbaycanda metro və bəzi avtobus marşrutlarında gediş haqqı bahalaşıb. Bu barədə Tarif Şurası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarlarında bildirilib. Metroda bir gedişin qiyməti 10 qəpik artırılaraq 50 qəpik olub.

24media.az-ın budəfəki müsahibləri nəqliyyat eksperti Elməddin Muradlı və sosioloq  Üzeyir Şəfiyevdir. Onlar mövzuya münasibət bildiriblər.

-Metrodakı qiymət artımını necə dəyərləndirirsiniz?

Ekspert Elməddin Muradlı qeyd edir ki, qiymət artımı ilə bağlı təkliflər daşıyıcı şirkətlər tərəfindən verilib. Onlar əsaslandırırlar ki, pandemiya dövründən külli miqdarda borcları qalıb. Borcların böyük hissəsi yanacaq və ehtiyat hissələrinin alınması ilə bağlıdır. Eyni zamanda, vətəndaşlar yeni, komfortlu avtobuslar tələb edir. 10 qəpik bütün problemləri həll etməsə də, bir qismini həll edəcək. Paralel olaraq, dövlət dəstəyi də davam edir: ötən il Nəqliyyat Nazirliyinə 150 milyon vəsait ayrılıb, onlar da bu pulu daşıyıcı şirkətlərə yönləndirməlidirlər.

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, cəmiyyətin aztəminatlı təbəqəsi ictimai nəqliyyatdan daha çox istifadə edir. Qiyməti qaldırmazdan əvvəl insanların maddi durumu, gəlirləri, həyat şəraiti qiymətləndirilməlidir. Sonra qiymət artımı ilə bağlı qərar vermək daha məqsədəuyğun olardı. Bilirik ki, qiyməti artan yalnız nəqliyyat deyil. Biz aylar üzrə tədqiqat aparsaq, görərik ki, qiymətlərdə tədrici artım müşahidə olunur. Bu isə insanların maliyyə durumuna birbaşa təsir edir. Qiymət artımı ilə paralel, əmək haqlarının artımı ilə bağlı tədbirlər həyata keçirtmək lazımdır ki, bu qiymət artımı insanların güzəranına mənfi təsir göstərməsin. 

Gülnisə Əfkari

Paylaş