
İpək elmi adı “Bombyx mori” olan ipək qurdları tərəfindən istehsal olunan zülal əsaslı lifdir. Müxtəlif növ həşəratlar və hörümçəklər tərəfindən də istehsal edilə bilər. Halbuki dünyada ipək istehsalının əsas mənbəyi ipəkqurdlarıdır. İpək qurdlarının sürfələrini qorumaq üçün ətrafına toxuduqları baramalar ipək liflərindən ibarətdir. Gündəlik həyatda istifadə etdiyimiz ipək də bu baramalardan əldə edilir.
İpək lifləri iki əsas zülaldan ibarətdir. Lakin onun əsas komponenti fibroin proteinidir. Suda həll olunmayan zülal olan fibroin yüksək sıxlığa malikdir. Bakirə ipəyin təxminən 75%-i fibroindən ibarətdir. Serisin isə yapışqan rolunu oynayır və fibroin zülallarını bir yerdə saxlayır, onun böyük hissəsi ipək liflərinin xarici hissəsində yerləşir. Serisin elastik olmayan, kövrək bir maddədir. Eyni zamanda antibakterial xüsusiyyətlərə malikdir, ultrabənövşəyi dalğa uzunluqlu şüalara davamlıdır, nəm çəkib buraxa bilən quruluşa malikdir. Həmçinin, ipək qurdunun baramasından ipək alınma prosesində ipəyə parlaqlıq vermək üçün çıxarılır.
İfraz edildikdə maye kristal quruluşa malik olan fibroin zülalları hava ilə təmasda olduqda sərtləşir. Serisin ipək liflərini bir yerdə saxlayır. İpək qurdu daha sonra barama yaratmaq üçün 3-8 gün ərzində təxminən 300.000 dəfə fırlanır. Bu proses ipək liflərinin strukturuna təsir göstərir.
İpək lifləri çox nazik, uzun, yüngül və yumşaqdır. O, həmçinin neylondan iki dəfə elastik və poladdan səkkiz dəfə möhkəmdir. İstilik izolyasiyasını təmin etdiyi və rənglənə bilən, parlaq, izolyasiya edən bir material olduğu üçün insanlar tərəfindən toxuculuq, sağlamlıq, sənaye tətbiqləri kimi bir çox sahələrdə istifadə olunur.
Mənbə: bilimgenc.tubitak.gov
Tərcümə etdi: Səmayə Qədirova
