Bu gün:

Qoxular rəng qavrayışına təsir edirmi?



Bu yaxınlarda aparılan bir araşdırma qoxuların rəng qavrayışına təsir etdiyini göstərib. Liverpul Universitetinin tədqiqatçıları qoxunun rəng qavrayışına təsir edib-etmədiyini öyrənmək üçün təcrübə aparıblar. Yaşı 20 ilə 57 arasında olan 24 nəfərin subyekt kimi iştirak etdiyi araşdırmanın nəticələrinə görə, qoxular rəng qavrayışına az da olsa təsir edir.

Təcrübə qaranlıq pərdələrlə qaralmış otaqda aparılıb. İnsanlarda qoxu hissinə təsir edən soyuqdəymə və ya qrip kimi bir xəstəliklərin, yaxud rəng görmə qabiliyyətinə təsir edən görmə pozğunluğunun olmamasına diqqət yetirilib. Bundan əlavə, subyektlərdən təcrübə günü heç bir dezodorant və ya ətirdən istifadə etməmələri istənilib. İştirakçılara ilk qoxu təqdim edilməzdən əvvəl hava təmizləyici vasitə ilə otaqdakı hava təmizlənib. Daha sonra ətraf mühitə müxtəlif qoxular buraxılaraq qoxu-rəng əlaqəsi sınaqdan keçirilib. Bunun üçün iştirakçılara rənglərlə doldurulmuş kvadrat ekran göstərilib və ekranda gördükləri kvadratı neytral boz rəngə çevirmələri xahiş olunub. 

İştirakçılar neytral boz rəngi tənzimləmək üçün biri yaşıldan qırmızıya, digəri isə sarıdan maviyə dəyişən iki sürgüdən istifadə ediblər. Ətraf mühitə karamel qoxusu yayılanda iştirakçıların neytral boz rəngə dair təsəvvürləri sarı-qəhvəyi rəngə doğru dəyişib. Neytral boz qavrayışı da ətrafa yayılan qəhvə və albalı qoxusu ilə qırmızı-qəhvəyi rəngə, limon qoxusu ilə sarı-yaşıl rəngə doğru dəyişib. Lakin nanə qoxusu iştirakçılara gözlənilən effekti verməyib. Nanə qoxusu da neytral boz qavrayışını qırmızı-qəhvəyiyə doğru dəyişib. 

Tədqiqat liderlərindən biri olan Dr. Ward qeyd edib ki, boz rəng qavrayışı beş qoxudan dördü (karamel, qəhvə, albalı, limon) üçün gözlənilən qarşılığa doğru dəyişdiyini bildirib. Araşdırmanın təfərrüatları "Frontiers in Psychology" jurnalında dərc olunub.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et