
Meyvələr yalnız çiçəkli bitkilərdə əmələ gəlir. Meyvə ağacı əvvəlcə çiçək açır, sonra çiçəklər meyvə ilə əvəzlənir.
Meyvələrin içərisində toxum var. Bəzi meyvələrdə tək toxum, bəzilərində isə çoxlu toxumları var. Məsələn, gavalı içərisində bir toxum (yəni gavalı toxumu) olduğu halda, narın içərisində çoxlu toxum var.
Meyvələrin sulu və şirin olmasının səbəbi bitkinin şirəsi ilə qidalanmasıdır. Bəs niyə bitkilər meyvələrinin belə şirin və rəngarəng olmasını istəyirlər? Çünki onların toxumlarını uzaq yerlərə daşımaq üçün köməyə ehtiyacı var.
Məsələn, bir şaftalı ağacını götürək. Yeni bir şaftalı ağacının çıxması üçün şaftalı meyvəsinin içindəki toxum torpaqla təmasda olmalıdır. Amma şaftalı ağacındakı bütün şaftalılar ancaq o ağacın dibinə düşə bilər. Bir şaftalı ağacının altında çoxlu şaftalı ağacı bitsə belə, onun sağ qalması çox çətin olacaq.
Ağaclar bunu bildiyi üçün meyvələrini heyvanlar tərəfindən yeməli hala gətirməyə çalışırlar. Ətli və şirəli meyvələr heyvanlar tərəfindən yeyilir. Amma meyvənin içindəki toxum heyvanın həzm sistemində parçalanmır və nəcislə xaric olur. Beləliklə, meyvənin içindəki toxum heyvanlarla birlikdə daha uzaq yerlərə daşınır.
Bundan əlavə, bəzi heyvanlar toxumları dərhal yemirlər, daha sonra yemək üçün saxlayırlar. Əgər onların yerləşdiyi yer münasibdirsə, bu toxumlar cücərir və böyüməyə başlayır.
Mənbə: cevreciyiz.com
Tərcümə etdi: Sevil İsmayılova
