Bu gün:

Fərqli dəri rəngləri necə yaranır?



İnsanlar sarıdan qırmızıya, ağdan qaraya qədər müxtəlif dəri rənglərinə sahib ola bilərlər. Dərinin rəngini təyin edən şey dəridəki melanin piqmentinin növü və miqdarıdır.


Melanin dərimizə, gözlərimizə və saçlarımıza rəng verən piqmentdir və dərinin epidermis təbəqəsindəki melanosit hüceyrələri tərəfindən istehsal olunur. Dəridə iki növ melanin piqmenti var. Bu piqmentlər arasında eumelanin dəriyə qəhvəyi-qara rəng, feomelanin isə sarı-qırmızı rəng verir. Qara dərili insanların dərisində eumelanin sayı daha çox olduğu halda, daha çox feomelanin sayı olan insanların dərisi açıq olur. Piqment növü ilə yanaşı, piqmentin miqdarı da dəri rəngini təyin edən faktordur. Piqmentin miqdarı və melanosit hüceyrələrinin sayının az olması açıq dəri rənginə səbəb olur.


Dərimizə rəng verən piqmentlərin növü və miqdarı genlər tərəfindən müəyyən edilir. Bu genlərdən biri olan MC1R geni melanosit hüceyrələri tərəfindən ifraz olunan melanin piqmentinin növünü və miqdarını müəyyən edir, həmçinin feomelanin piqmentinin eumelanin piqmentinə çevrilməsini təmin edir. Kit liqand (KITLG) geni melanosit hüceyrələrinin inkişafında əsas rola malikdir. Afrikalılar, Avropalılar və Şərqi Asiyalılar arasında rəng fərqinin səbəblərindən birinin KITLG geni olduğu düşünülür.


Fərqli dəri rənglərinə sahib insanlarda təsirli ola biləcək genlərdən biri SLC24A5-dir. Alimlər zebra balığını tünd zolaqlı və parlaq sarı zolaqlı zebra balığını müqayisə edərək müəyyən ediblər ki, bu fərqin səbəbi SLC24A5 genindəki mutasiya ola bilər. Araşdırmalar göstərir ki, bu genin mutasiyaya uğramış forması avropalı amerikalılarda tapılır. Ancaq bu genin dəri rənginə necə təsir etdiyi dəqiq bilinmir.


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et