Bu gün:

Qara dəliklər necə əmələ gəlir?


Qara dəliklər müxtəlif yollarla əmələ gələ bilər. Bu yollardan birincisi ulduzların çökməsidir.

Göy cisminin daxili təzyiqi öz cazibə qüvvəsini aşa bilmədikdə ulduz çökməyə başlayır. Ulduzun kütləsi müəyyən bir dəyərdən yuxarı olarsa, çöküşü dayandıra biləcək heç bir məlum mexanizm yoxdur. Bu halda ulduzun çökməsi qara dəliyin əmələ gəlməsi ilə nəticələnir. Əksər qalaktikaların mərkəzlərindəki superkütləli qara dəliklər, yəqin ki, bu şəkildə əmələ gəlib.

Yaşadığımız dövrdə qara dəliklərin əmələ gəlməsinə səbəb ola biləcək yüksək sıxlıqlar yalnız ulduzlarda mövcuddur. Ancaq Böyük Partlayışdan qısa müddət sonra kainatın müxtəlif yerlərində yüksək maddə sıxlığı da qara dəliklərin yaranmasına səbəb ola bilər. İlkin kainatdakı şərtlərdən istifadə edərək edilən hesablamalar göstərir ki, bu şəkildə əmələ gələ biləcək qara dəliklərin kütlələri Plank kütləsindən (təxminən 2x10-8 kiloqram) Günəşin kütləsinin minlərlə qatına (təxminən 2x1030 kiloqram) qədər dəyişə bilər.

Bundan əlavə, zərrəciklərin yüksək enerjili toqquşması zamanı kütlələri Plank kütləsindən kiçik olan qara dəliklərin yarana biləcəyi də irəli sürülüb. Bununla belə, hələ inkişaf mərhələsində olan bəzi nəzəriyyələrə əsaslanaraq edilən bu qənaətlərin düzgünlüyünə dair uzlaşma yoxdur.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 


Paylaş
Şərh əlavə et