Bu gün:

"Almaniyada xarici həkimlərin çox faizini bizim universiteti bitirənlər təşkil edir"- Aydın Əliyevlə "1 sual, 1 cavab"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı ATU-nun dosenti, tibb eksperti, farmakoloq Aydın Əliyevdir. O, Azərbaycanda həkimlərin təhsili barədə danışıb.

 

Azərbaycanda həkimlərin təhsilini necə qiymətləndirirsiniz?

-Hansı ölkədə təhsil yüksək səviyyədədirsə, o ölkənin inkişafı da yüksək olur. Təhsildə, təbii ki, problemlərimiz çoxdur. Vaxtı ilə biz baloniya sistemini Azərbaycana gətirdik, amma işləmə mexanizmini düzgün qura bilmədik. Baloniya sistemində tələbələr test şəklində suallara cavab verirlər. Xaricdə tələbələr verdikləri cavabları müəllimlərə əsaslandırırlar, yerli universitetlərdə isə bu yoxdur. Azərbaycan Tibb Universitetində tələbələrə tam azadlıq verilib ki, öz düşüncələrinə uyğun hərəkət etsinlər. Verilmiş düşüncə azadlığından tələbələrin düzgün istifadə etməsində problemlər olur. Bizim müəllimlər yüksək səviyyədə mühazirələr keçirlər. Yüksək səviyyə odur ki, bu sahənin dünənki və bugünkü vəziyyətini və gələcəkdə harada olacağını göstəririk-universitet bu şəkildə hazırlayır. Dünyada Azərbaycan Tibb Universitetini bitirmiş nə qədər məşhur həkimlər var. Hətta eşitdiyimə görə, əhali nisbəti hesabında, Almaniyada xarici həkimlərin çox faizini bizim universiteti bitirənlər təşkil edir-bu yüksək qiymətdir. Məsələn: bizim tibb universitetinin azərbaycan bölməsində təhsil almış Nuran Abdullayev, Almaniyada hazırda çox məşhur bir həkimdir, klinikanın rəhbəridir. Bu gün təhsil prosesi haqqında tənqidi fikirlər söylənilməlidir, çıxış yolları axtarılmalıdır, bu, çox normaldır. Amma şəxsən öz fikrimi deyirəm, insanların sağlamlığı həkimlərdən deyil, havanın, suyun, qidanın təmizliyi, insanın dünyaya baxışı, düşüncəsi ilə əlaqədardır. Həkimlər iki şeyə cavabdehdir: düzgün diaqnoz qoymaq və o diaqnoza uyğun dərman reseptini yazmaq. Həkim dərman, qida gətirmir, bunların keyfiyyətinə cavabdeh deyil. Bu problemlər ortaya çıxdıqca, təbii ki, tibbin ayrı-ayrı sahələri üzrə də öz ölkəmizdə də çox ciddi, böyük fikirlərini deyən ekspertlərimiz ortaya çıxacaq. Hər sahədə çatışmayan cəhətlər var. Bunların həll olunması üçün yaradıcı düşüncə tərzinə ehtiyac var. Səbəbi və nəticələri görərək problemləri həll etmək lazımdır. Bu bütün sahələrə aiddir.

Günel Məmmədova

Paylaş
Şərh əlavə et