Bu gün:

Tələbə təqaüdünə iqtisadçı mövqeyi “1 sual, 1 cavab”


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının bugünkü qonağı iqtisadçı Elçin Rəşidovdur. O, tələbələrin təqaüdləri barəsində danışıb.


-Azərbaycanda tələbələrin təqaüdləri barədə nə düşünürsünüz? 


-Tələbə təqaüdləri 2 növə bölünməlidir: ehtiyac üçün və nailiyyət üçün. Ehtiyaca görə verilən təqaüd tələbələr arasında diskriminasiya qoymalıdır. Rayonlardan gələn tələbələrin nəqliyyat, yaşayış üçün əlavə xərcləri yaranır. Əgər tələbə ünvanlı sosial yardım alan ailə kateqoriyasına aiddirsə, yaxud aşağı gəlirli ailə kateqoriyasına aiddirsə, təhsilini tamamlamaq üçün təqaüd almalıdır. Nailiyyətə görə verilən təqaüdlər dövlət universitetlərində imtahan nəticələrinə görə təyin edilməməlidir. Universitetlərin qiymətləndirmə sistemi eyni şkala üzərində deyil. Bunu özəl universitetlər edə bilər. Yalnız Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə sistemi eyni şkala üzərindədir. Nailiyyətə görə təqaüd DİM qiymətləndirmələri əsasında aparılmalıdır. Hazırda bu təqaüd dövlət sifarişli oxuyan tələbələrə verilir. Bu, doğru yanaşma deyil. Çünki müəyyən ixtisasda dövlət sifarişli yeri tutmaq üçün 300 bal kifayət edər, başqa ixtisasda 600 bal tələb oluna bilər. Hesab edirəm ki, təqaüdlər tələbələrə topladığı bala görə verilməlidir. Əgər tələbə təqaüdü biliyinə görə alırsa, bu zaman Dövlət İmtahan Mərkəzinin imtahanında əldə etdiyi bala müvafiq olaraq təqaüd almalıdır.


24media.az xatırladır ki, 2022-2023-cü tədris ilində Azərbaycanın 54 ali təhsil ocağında 187 min, orta ixtisas təhsili müəssisələrində 50 minə yaxın tələbə oxuyur


Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et